Müsavat başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərinə qatılacağı ilə bağlı verdiyi açıqlama partiyanın əsas müttəfiqi olan AXCP tərəfindən narazılıqla qarşılandı. İctimai Palatada təmsil olunan bu iki müxalifət partiyasının prezident seçkilərində ayır-ayrılıqda təmsil olacağı artıq şübhə doğurmur. İsa Qəmbər seçkiöncəsi öz qərarını açıqladı. Bəs, Əli Kərimli necə prezidenti seçkilərinə qatılacaqmı?
AXCP sədrinin müavini Razi Nurullayev Əli Kərimlinin namizədliyi ilə bağlı məsələlərə aydınlıq gətirib. R.Nurullayev
Modern.az-a açıqlamasında Əli Kərimlinin prezident seçkilərində namizəd olacağının hələlik bilinmədiyini deyib. Onun sözlərinə görə, AXCP xalqın seçimi ilə öz namizədini müəyən edəcək.
“AXCP müxalifətin böyük birliyinin tərəfdarıdır. Bizim partiya siyasətini bəyanatlar, açıqlamalar və verilən şərhlər üzərində qurmaqdan uzaqdır. Biz Azərbaycanda köklü dəyişiklik üçün çalışırıq. Partiya sədri dəfələrlə öz müsahibəsində də vurğulayıb ki, bizim üçün prioritet hakimiyyət dəyişikliyidir. Ona görə də AXCP bütün məsələlərə bu prizmadan yanaşır. Müsavat başqanının açıqlamasının süngü ilə qarşılanmasını istəməzdim. Hər bir partiya seçkilərdə iştirakla bağlı niyyətini ortaya qoya bilər. Amma, böyük birliklərin namizədi ora daxil olan qurumlar tərəfindən müəyyən edilir.

İctimai Palata hələ vahid namizədini müəyyən etməyib. Həm İctimai Palata, həm də bizim partiya vahid namizəd məsələsinin indidən gündəmə gətirilməsinin lehinə deyil. Çünki, vahid namizəd məsələsi bizə dost olmayan qüvvələr tərəfindən mənfi tərəfə yönəldilir və müxalifətin birliyinə xələl gəlir. AXCP bu gün müxalifətin vahid birliyini saxlamaq, xalqın müxalifətə inamını artırmaq üçün əlindən gələni və bəzən gücü xaricində olan missiyanı yerinə yetirməkdədir. AXCP bu missiyasına sadiq qalacaq.
Bununla bərabər, AXCP bütün qüvvələrin, ziyalıların, vətəndaş cəmiyyətinin, sadə xalqın və adını çəkə bilmədiyim bütün qurumların razılığı ilə müəyyən edilmiş namizədin 2013-cü ildə dəyişiklik yarada biləcəyinə inanır. Bu inamımızın həyata keçirilməsi üçün partiya sədri və rəhbərliyi ciddi işlər görür və bu ciddi işlərin böyük nəticələr verəcəyinə də inanır”, - deyə AXCP rəsmisi vurğulayıb.
Qeyd edək ki, AXCP sədri Əli Kərimli də bir neçə gün öncə mətbuata verdiyi müsahibəsində 2013-cü ildə prezident seçkilərində narazı elektoratın vahid namizədinin ola biləcəyinin mümkünlüyünü bildirib.
Anar RÜSTƏMOV