Modern.az

Eks-prezidentin qardaşı: “Kəmaləddin Heydərov mənim yaxın dostumdur”

Eks-prezidentin qardaşı: “Kəmaləddin Heydərov mənim yaxın dostumdur”

Ölkə

29 Avqust 2012, 12:32

Modern.az saytına daxil olan məlumata görə, mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevə fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən mənzil hədiyyə edilib. Eyni zamanda A.Əliyevin bir neçə qohumunun da  nazirin göstərişi ilə işə götürüldüyü bildirilir.

Əməkdaşımız məlumatı dəqiqləşdirmək üçün Almurad Əliyevlə əlaqə saxlayıb. A.Əliyev bu haqda deyilənlərin doğru olmadığını söyləsə də, Kəmaləddin Heydərovla münasibətlərinin yaxşı olduğunu gizlətməyib. Onun sözlərinə görə, fövqəladə hallar naziri ilə dostluq əlaqələrinə malikdir.

“Mənə ev verilməsi doğrudur, amma bunu mənə Kəmaləddin Heydərov deyil, ölkə prezidenti  verib. Bundan başqa, mənə ev verən olmayıb. Kəmaləddin Heydərova böyük hörmətim var, o mənim dostumdur. Amma o mənə nə ev verib, nə də mənim yaxınlarımı işə düzəldib. Bu doğru deyil. Mənim onun atası ilə də çox yaxın münasibətlərim var. Kəmaləddin müəllim mənə niyə ev verməlidir ki? Hələ prezidentin verdiyi ev yaşayış üçün tam hazır deyil, orada təmir işləri görülür”, - deyə A.Əliyev vuğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişi ilə Almurad Əliyevə Yasamal rayonu ərazisində 120 kvadratmetr sahəsi olan 3 otaqlı mənzil verilib.

Amma Modern.az-a verilən məlumata görə, Almurad Əliyev məhz fövqəladə hallar naziri tərəfindən də ikinci bir  mənzillə təmin edilib və bu, Elçibəy ailəsində də narazılıqla qarşılanıb. A.Əliyevin həyat yoldaşının bir neçə yaxın qohumunun K.Heydərovun göstərişi ilə işə götürülməsi də əldə etdiyimiz xəbərlər sırasındadır.
Bildirilir ki, mərhum eks-prezidentin qızı və kürəkəninin Azərbaycanı tərk edib Türkiyəyə köçməsində bu hadisənin də rolu olub. Əbülfəz Elçibəyin oğlu Ərturqutun da bu hadisədən dolayı əmisi ilə münasibətlərinin kəskinləşdiyi qeyd edilir.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı