Əvəz Temmirxan: “Namizəd olması üçün Lalə Şövkətə çoxlu müraciətlər var”
Ölkəmizdə keçiriləcək prezident seçkilərinə 1 ildən çox vaxt qalmasına baxmayaraq, indidən siyasi müstəvidə xeyli canlanma hiss olunur. Belə ki, Müsavat başqanı İsa Qəmbərin prezident seçkilərinə qatılacağı ilə bağlı verdiyi açıqlama yenidən bu məsələni gündəmə gətirib. İsa Qəmbərin bəyanatından sonra bir neçə siyasi partiya rəhbəri də 2013-cü il prezident seçkilərinə qatılacağını bildirib. Hakim Yeni Azərbaycan Partiyasının funksionerləri də dəfələrlə mətbuata açıqlamalarında hazırki prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini vurğulayıblar.
Bəs, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət necə, prezident seçkilərinə qatılacaqmı?
ALP sədri Əvəz Temirxan Lalə Şövkətin prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı Modern.az-a açıqlama verib. Ə.Temirxanın sözlərinə görə, Lalə Şövkət hazırda ölkəmizdə cərəyan edən siyasi prosesləri diqqətlə izləyir. O, bildirib ki, Lalə Şövkət də prezident seçkilərində namizəd olaraq iştirak edə bilər, amma hələlik bu məsələ aktual deyil.
“Heç olmasa nisbi demokratik seçkilərin keçirilməsinə inam olarsa, Lalə Şövkət prezidentliyə namizəd ola bilər. Amma indiki durumda buna nəyinki inam, heç ümid belə yoxdur. Ona görə, hesab edirik ki, prezidentliyə iddialılar bir araya gəlməlidirlər. Bu prosesdə bütün Azərbaycan cəmiyyəti səfərbər edilməlidir ki, Azərbaycanda demokratik seçki mühitinin yaradılması üçün zəmanət verən qanunvericilik yaradılsın.
Lalə Şövkətə çox müraciətlər var ki, prezident seçkilərinə namizəd olsun. Hətta KİV-lərdən belə müraciət daxil olur ki, Lalə Şövkət seçkilərdə namizəd olmağa çox layiqdir. Amma azad və əladətli seçki mühiti yoxdursa seçkiyə qatılmağın nə anlamı var ki”, - deyə Ə.Temirxan vurğulayıb.
Anar RÜSTƏMOV