Bir müddət əvvəl BMT-nin xüsusi nümayəndəliyi Qubada yerləşən çətin tərbiyə olunan uşaqlar üçün uşaq koloniyalarının ləğvi ilə bağlı fikir səsləndirib. Cəmiyyət də uşaq koloniyalarının hazırkı vəziyyətindən şikayətçi olaraq bildirirlər ki, bu istiqamətdə müəyyən işlər görülməlidir. Hazırkı durum uşaq koloniyalarının ləğvinə əsas verirmi? Belə olan təqdirdə, həmin koloniyaları nə əvəz edə bilər?
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli
Modern.az saytına bildirib ki, uşaq koloniyalarının ləğvi ilə bağlı fikirləri deputat dəstəkləyir:
“Uşaq koloniyalarında uşağın islah olunmağından daha çox əksinə, uşaq orada peşəkar cinayətkar kimi böyüdülür. Dünyada çətin tərbiyə olunan uşaqlarla iş aparan xüsusi internatlar, təhsil müəssisəsi var idi. Amma bilirdilər ki, burada ağır tərbiyə olunan, ağır mənəvi keyfiyyətlərə malik olan uşaqlar tərbiyə olunur. Uşaqlığın cinayəti anlamdan, bilməyərəkdən olur, uşaqların cinayətində peşəkarlıq olmur. Bəzən uşağın törətdiyi cinayət təsadüfi olur. Uşaq bir dəfə cinayət edir, ola bilər ki, ömründə bu cinayəti bir də etməsin... Amma uşağı gətirib koloniyaya salanda o, artıq peşəkarlaşır. Mən də uşaq koloniyalarının ləğvini dəstəkləyirəm”.
Deputat qeyd edib ki, uşaq koloniyaları ləğv olan təqdirdə, ictimai tərbiyəyə xüsusi diqqət olmalıdır:
“Uşaq koloniyaları ləğv olan təqdirdə, ailədə uşaqların tərbiyəsinə, ümumiyyətlə, ictimai tərbiyəyə xüsusi diqqət yetirməliyik ki, uşaq bu yola düşməsin”. Deputat təklifin reallaşmasına hələ ki, ehtiyac olmadığını deyib:
“Bu yaxınlarda belə bir təklifin reallaşmasına ehtiyac yoxdur, bu zaman istəyir, bir az zaman lazımdır ki, bu məsələ həyata keçirilsin. Çünki əlindən bir xəta çıxıb və kimisə öldürən uşağı buraxsan, sonra onunla başqa cür rəftar edə bilərlər. Bu, olduqca ciddi bir məsələdir”.
Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov da uşaq koloniyalarının ləğvinin lehinədir:
“Ümumiyyətlə, uşaq koloniyalarına başqa bir münasibət, yanaşma olmalıdır. Təəssüflər ki, indiki uşaq koloniyalarında uşaqları tərbiyələndirmirlər. Uşaqlarla münasibət yaxşı deyil, ona görə də uşaq koloniyaları ləğv olunmalıdır. Ləğv olunandan sonra bu istiqamətdə başqa işlər görülməlidir. Uşaq koloniyalarında uşaqlar cinayətkar kimi böyüdülür, burada uşaqlar həyata qaytarılmır”.
Y. Bəkirov deyib ki, uşaq koloniyalarının ləğvi ilə bağlı dəfələrlə fikirlər səslənsə də, hələ ki həyata keçirilməsi mümkün olmayıb. Bu, ancaq və ancaq dövlət səviyyəsində həyata keçirilməlidir”.
Nihadə Eyyubova