Modern.az

600-dan çox bal toplamış abituriyentlər Bakı Ali Neft Məktəbini seçiblər

600-dan çox bal toplamış abituriyentlər Bakı Ali Neft Məktəbini seçiblər

Ölkə

4 Sentyabr 2012, 13:43

Sentyabr ayının 4-də ARDNŞ-nin baş ofisində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu ali təhsil ocağına ilk dəfə keçirilən tələbə qəbulunun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Modern.az saytının məlumatına görə, Elmar Qasımov yeni yaradılmış ali məktəbə abituriyentlərin yüksək maraq göstərdiyini qeyd edib və bunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən neft strategiyasının uğurları, Dövlət Neft Şirkətinin cəmiyyətdəki işgüzar nüfuzu ilə bağlı olduğunu vurğulayıb.

Rektor qeyd edib ki, respublika üzrə I qrupda test imtahanlarında 600-dan çox bal toplamış 234 abituriyentin 115-i (45,4 %-i) BANM-nə qəbul olub. Ali məktəb üzrə müsabiqə elan edilmiş yerlərin hər birinə 13  abituriyent ərizə veribmiş.

 Dövlət sifarişi ilə  müsabiqə elan edilmiş “Neft-qaz mühəndisliyi” ixtisası üzrə sifariş edilmiş 45 yerin 44-nü, “Kimya mühəndisliyi”ixtisası  üzrə  ümumi 117 yerdən sifariş edilmiş 52 yerin 52-ni də BANM-nin tələbələri tutublar. “Neft-qaz mühəndisliyi” ixtisası üzrə orta bal 636,2, “Kimya mühəndisliyi”ixtisası  üzrə isə  626  olub. Ümumiyyətlə, BANM üzrə qəbulda orta bal 631,1 olub.

Ali məktəbə daxil olanların sırasında Bakı (78 nəfər), Sumqayıt (8 nəfər), Naxçıvan (6 nəfər) şəhərlərinin və bir çox rayonların (Şirvan-4, Ağdaş-3, Quba-2) məktəb və liseylərinin məzunları var.
I qrup üzrə 690 bal toplamış 2 nəfərdən biri Naxçıvan MR-nın Şərur rayonu, Ərəbyengicə kəndindən olan Rəhimov Rza “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub. Qəbul olanlardan 23-ü rus, 98-i Azərbaycan bölməsinin tələbələridir. Tələbələrin içərisində 31 nəfəri qızlardır, onlardan 8-i “Neft-qaz mühəndisliyi”, 23-ü  “Kimya mühəndisliyi”ixtisasına qəbul olublar. Respublikanın  orta məktəblərini medalla bitirmiş 138 nəfərdən 11-i BANM-nin tələbələri olub.

10 tələbə akademik Zərifə Əliyeva adına Liseyin, 9 tələbə Bakı türk liseylərinin, 4 tələbə Bakı Avropa Liseyinin, 4 tələbə Sumqayıt Təbiət Elmləri təmayüllü Gimnaziyanın, 3 nəfər Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin məzunlarıdır.

E.Qasımov deyib ki, ali məktəbə qəbul olunan tələbələrlə aparılmış ilk müsahibələr nəticəsində onların bir çoxunun hərtərəfli istedada malik gənclər olduğu aşkarlanıb. Onların içərisində müxtəlif musiqi alətlərində peşəkar səviyyədə ifa etməyi bacaran, muğamların və xalq mahnılarının ifaçıları,  rəqqaslar, idman yarışlarının qalibləri, əcnəbi mahnıların ifaçıları, poeziyada, nəsrdə və rəssamlıqda özünü sınayan, müxtəlif  idman növləri ilə məşğul olanlar da var.

Elmar Qasımov ali məktəbə qəbul kampaniyasının uğurla başa çatdığını qeyd edib, təhsil ocağının binasında tədris prosesinə hazırlığın son mərhələdə olduğunu vurğulayıb.

Modern.az           

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı