
2013-cü il prezident seçkiləri yaxınlaşdıqca, siyasi müstəvidə intriqa da qızışır. YAP, Müsavat kimi partiyalar seçkidə iştirak edəcək namizədlərinin adlarını da bəyan ediblər, digər siyasi qurumlardan da gözləntilər var.
Bu vaxtadək prezident seçkilərində namizədlərə öz təbliğat və təşviqat kampaniyalarını aparmaq üçün dövlət büdcəsindən vəsait ayrılırdı. Əgər namizəd müəyyən olunmuş səs faizini yığa bilmirdisə, o, həmin vəsaiti Mərkəzi Seçki Komissiyasına geri qaytarmalı idi.
2003-cü ildə prezident seçkilərində bəzi namizədlər lazımi səs baryerini aşa bilmədi, amma təbliğat-təşviqat üçün onlara ayrılmış təxminən 30 min manat pulu seçkilərdən sonra qaytarmaq istəmədi.
Modern.az-a danışan Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, 2003-cü ildə prezidentliyə namizədlərə verilən vəsaiti bəzi namizədlər əvvəlcə qaytarmaqdan imtina etsələr də, sonradan hissə-hissə MSK-ya qaytarıblar.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, 2008-ci ildə prezidentliyə namizədlərə ümumilikdə (7 nəfər) 28.800 manat vəsait verilmişdi.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev 2003-də mövcud olmuş problemin yenidən yaranmayacağını iddia edir. Onun sözlərinə görə, 2010-cu ildə Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, dövlət büdcəsindən istər prezident, istərsə də parlament seçkilərində namizədlərə vəsait ayrılmasının yolverilməzliyi təsdiqlənib.
“Seçki Məcəlləsindən namizədlərə maliyyə vəsaitinin ayrılması çıxarılıb. İndi bu baxımdan da neçə faiz səs toplanmasından asılı olmayaraq, hər hansı bir seçki fonduna toplanmış vəsaitin geri qaytarılmasından söhbət gedə bilməz. Çünki dövlət büdcəsindən hər hansı bir vəsaitin ayrılması nəzərdə tutulmur. Artıq bütün bu məsələlər öz həllini tapıb”, – deyə, hüquqşünas bildirib.
Ə.Nuriyevin sözlərinə görə, 18 iyun 2010-cu il tarixli dəyişiklikdən sonra Milli Məclisə keçirilən seçkilərində heç bir namizədə vəsait ayrılmadı.
”Eləcə də 2013-cü ildə prezidentliyə namizədlərin seçki fonduna dövlət büdcəsindən hər hansı bir vəsait ayrılmayacaq. Çünki artıq qanun buna yol vermir”.
Sevinc İltifatqızı