Modern.az

“Olimpiadada medal qazanan əlil idmançıya az mükafat verilməsi haqsızlıqdır” - DEPUTAT

“Olimpiadada medal qazanan əlil idmançıya az mükafat verilməsi haqsızlıqdır” - DEPUTAT

Ölkə

7 Sentyabr 2012, 10:50

“Mənə elə gəlir ki, Londonda keçirilən olimpiadalarda qızıl medal qazanan idmançılarımıza verilən mükafatlar arasında böyük fərq olması bir anlaşılmazlıqdır. Xüsusilə də parolimpiadada medal qazanan əlil idmançılarımıza olimpiadada eyni medal əldə edən idmançılarımızdan fərqli mükafat verilməsi məsələsinə yenidən baxılması çox arzuediləndir. Bu ya bərabər olmalı, ya da parolimpiyaçılar simvolik olaraq onlardan yüksək mükafata layiq görülməlidir”. 

Bu sözləri Modern.az-a Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

O, bildirib ki, parolimpiyaçılar bütün əngəllərə baxmayaraq, qızıl və gümüş medal qazanıblar:

“Mənə elə gəlir ki, məhz buna görə onların qələbələri, əldə etdikləri nailiyyətlər daha yüksək qiymətləndirilməlidir. Mən bunu həmin insanların fiziki cəhətdən məhdud qabiliyyətdə olmaları və istənilən işi görə bilməməklərinə rəğmən söyləyirəm.

Olimpiya oyunlarından sonra Prezidentimiz ənənəvi olaraq olimpiyaçılarla görüşür və onları təltif edir. Təbii ki, bu, dövlət başçısının idmana olan qayğısının nümunəsidir. O, bütün sahələrdə Azərbaycanın dünya çapına çıxması üçün çalışır. Amma əlil idmançılarımızın fiziki cəhətdən heç bir qüsuru olmayan idmançılarla müqayisədə mükafat məsələsində fərqləndirilməsində bir anlaşılmazlıq olduğu görünür. Necə ola bilər ki, eyni nailiyyəti biri iki ayağı, iki əli ilə qazansın, digəri bir əli, bir ayağı ilə. Amma birinciyə daha yüksək mükafat verilsin, əlillərə az”.

Millət vəkilinin sözlərinə görə, fiziki qüsurlu, fiziki imkanları məhdud olan insanların qələbəsi daha üstündür:
“Odur ki, hesab edirəm ki, parolimpiyaçıların mükafatlandırılmasında nə vaxtsa anlaşılmazlıq olub, məsələyə fundamental yanaşılmayıb. Onların qələbəsi ikiqat az dəyərləndirilir. Əslinə baxanda dövlət qayğısı əlillərə lazımdır. Çünki fiziki cəhətdən qüsursuz idmançılar  istənilən sahədə işləyə bilərlər. Əlillər isə faktiki olaraq bu imkana malik deyillər. Mən parolimpiadada  medal qazananlara verilən mükafatı yüksək dəyərləndirirəm. Bu, çox böyük rəqəmdir. Anlaşılmazlıq arada olan fərqdədir. Mənə elə gəlir ki, bu qiymətləndirmə ya bərabər olmalı, ya da simvolik olaraq yüksək mükafat əlil idmançılara verilməlidir”.

Gültəkin ƏLƏSGƏR   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı