
“Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu il dekabrın 28-də istismara verilib və 2011-ci ilin dekabrından etibarən tam gücü ilə, yəni saniyədə 5 kub metr məhsuldarlığı ilə işləyir. Hazırda kəmərlə Bakıya su nəql olunur. Oğuz-Qəbələ-Bakı su kəməri işə düşəndən sonra Bakı şəhərinin su təhcizatında stabillik yaranıb. Şəhərin böyük hissəsi, təxminən 700 mindən artıq insanın fasiləsiz su təhcizatının aparılmasının nail olunub”. Bu sözləri Modern.az saytına açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O qeyd edib ki, bu gün Oğuz-Qəbələ-Bakı su kəməri Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarının bütövlükdə, Nərimanov, Binəqədi, Səbail rayonun böyük hissəsi, hətta Nizami və Sabunçu rayonlarının bir hissəsinin su ilə təmin edir.
“Oğuz-Qəbələ Bakı su kəməri ilə nəql olunan suyun Bakı şəhərinin mərkəz hissəsinə verilməsi imkan verir ki, Kür və Ceyranbatandan nəql olunan su şəhərin kənar hissəsinə, şəhərətrafı kənd və qəsəbələrə yönəldilsin və oralarda su təchizatının yaxşılaşdırılmasına nail olunsun. Misal üçün, 2012-ci ilin may ayından etibarən həmişə su problemi üzləşən Hövsan qəsəbəsinə fasiləsiz su təchizatı aparılıb və artıq oranın insanları 24 saat su alır. Badamdar qəsəbəsinin sakinləri 2 gündən bir su alırdı, amma Oğuz-Qəbələ-Bakı su kəməri işə düşəndən sonra ora hər gün səhər və axşam olmaqla qrafiklə su alır”.
A. Cəbrayıllı bildirib ki, “Azərsu” ASC artıq böyük ərazilərdə fasiləsiz su təchizatına keçir. “Belə ki, Yasamal rayonu, Səbail rayonu, Nəsimi rayonun böyük bir hissəsi, Binəqədi rayonun şəhər hissəsi, 7-ci mikrorayon, 8-ci mikrorayonun bir hissəsi, 6-cı mikrorayon, 9-cu mikrorayonun bir hissəsi və digər mikrorayanlarda, Biləcəri qəsəbəsinin bir hissəsində su təchizatının fasiləsiz aparılmasına nail ola bilmişik. Gələcəkdə Bakı şəhəri yaşayış massivlərinə, qəsəbələrə və digər ərazilərə Ceyranbatandan tikintisi davam edən ultrasüzgəcli sutəmizləyici qurğudan emal olunan suyu verəcəyik. Ümumiyyətlə qarşımızdakı hədəf, Cənab Prezident də bu tapşırığı verib, qarşıdakı iki il ərzində Bakı şəhəri və ətraf qəsəbələrinin sakinlərini 24 saat keyfiyyətli su ilə təmin etməkdir”.
Aytən Əliyeva