Yəqin çoxunuz sağlığında özünə “komfortlu” məzar yeri alaraq hətta oranı gülbağçaya çevirib çarhovuz belə düzəltdirən gicbəsərlərin mövcudluğundan nəinki xəbərdarsınız, bəlkə də hansınızısa aparıb göstəriblər ki, bax, mən bu dünyadan köçdükdən sonra cismani məkanım burada rahatlıq tapacaq, yaxud məni yad etmək üçün bura gəlb dincələ də bilərsən. Ancaq təbii ki, bütün bunlar yersiz və Allaha xoş getməyən əməllərdi və cəmiyyətimizin Rəsul Quliyev demişkən, “bədbaxt” gündə olmasının nəticəsidir. Bu yelbeyin zavallılar unudur ki, onların sümüklərinin harada uyuması deyil, ruhlarının hansı şəraitdə olması önəmli məsələdir və o dünyada məşhər ayağına çəkiləndə “inkir – minkir” əvvəlcədən özünə məzar yeri sifariş verənləri birinci “zakona oturdacaq”.
Di gəl ki, insan oğlu bu qədər təbliğata rəğmən dünyanın faniliyinin gerçək mahiyyətini qanmaqda çətinlik çəkir və özünü həm bu dünyada, həm də axirətdə arzuolunmaz bəndəyə çevirir. Hələ bu harasıdı, indi dünyanı təbii fəlakətlər, texnogen qəzalar, nüvə silahı, ulduz müharibələri təhdid etdiyi indiki dönəmlərdə qiyamət günündən qurtulmaq və obrazlı desək, qurdla qiyamətə getmək üçün baş sındıran axmaqların da sayı tarakan sürətiylə artmağa başlayıb. Bu zavallılar elə hesab edirlər ki, hansısa “dahiyanə” ideyanı həyata keçirməklə qiyamət günündən qurtula biləcəklər. Hətta bəzi ölkələrdə “qiyamət evləri” hazırlayıb satışa da çıxaranlar var. Təbii ki, özünə məzar behləyənin xirtdəyəcən olduğu bu dünyada qiyamət günü başını girləməyə təhlükəsiz məkan almaq üçün növbəyə dayananların da olduğunu söyləmək mümkün. Amma yeri – göyü yaradan, hər şeydən xəbərdar olan Rəbbimizi aldatmaq, yaxud onun nəzəri – diqqətindən yayınmaq mümkünmü? Yəqin buna axmaqlar və onların təsiri altına düşmüş ruhi xəstələr inana bilər. Kimin hansı ideyanı reallaşdırmasından asılı olmayaraq hər kəsin bir haqq – hesab vermək günü olduğunu bütün varlığıyla bilməsi, bu dünyada əməlləriylə həmin çətin imtahana hazırlaşması gərək. Allaha xoş getməyən əməl sahibləri bilməlidirlər ki, min bir fırıldağa əl atmaqla insanları, qanunları, dövləti aldatmaq mümkün olsa da Rəbbimizin gözündən tük də yayınmır və hər kəs etdiklərinə görə bir gün tez – bir gün gec cavab verməli olur.
Bir neçə gün öncə xəbər portallarından oxudum ki, İtaliayda xüsusi növ şərab hazırlanır və onu dindarlara “halal” adıyla sırımaq istəyirlər. Hətta şərab şüşələrinin üzərindəki yarlıqda bu barədə xüsusi qeyd də olacaq və mömin insanlar, əğstəfürullah, Allaha ibadət etdikdən sonra “Məşədi İbad” filmindəki kimi bir balaca boğazlarını yaşlayacaqlar. Belə də nadanlıq olarmı, pul bu qədərmi şirin şeydir ki, onun üçün halalla haramın sərhədlərini dolaşdırmaqla Allahın iradəsinə qarşı çıxmağa cəhd edirlər?
İtaliyadakı işbazların Bakıda da qohum - əqrəbası varmış. Mənşəyi bilinməyən, bir çox hallarda haram olmuş heyvanların leşindən hazırlanan kolbasalara “halal” adı yazaraq millətə yedirtdikləri azmış kimi indi də həmin məhsulların üzərində “Quran” ayələri yazmağa, bu barədə reklam çarxları hazırlayaraq “Quran” ayələrindən istifadə etməyə girişiblər. Görün dünyanın harasıdı ki, hətta hacıları, axundları da həmin çarxlarda kullanır, bunla da milləti tovlamaq istəyirlər. Yəqin ki, bu dünyada onları qanunun sərt üzüylə kimsə cəzalandırmayacaq. Çünki bu xarabada pul hər şey deməkdi. Ancaq yüzdəyüz əminəm ki, o dünyada üstündə “halal” yazılmış həmin kolbasaları da, şərab şüşələrini də onları istehsal edənlərinin özlərinə...