“Məktəbəqədər təhsil müəssisələrindəki vəziyyətdən ölkə prezidenti də, Hacıbala Abultalıbov da narahatdırlar. Ona görə bağçalarda monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və yol verilmiş nöqsanlarla bağlı ölçü götürüləcək”. Bu barədə Modern.az saytına Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tərkibində yaradılan komissiyasından məlumat verilib. Məlumatda qeyd edilib ki, bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətində Hacıbala Abutalıbovun rəhbərliyi ilə keçirilən iclasda işində verdikləri ciddi nöqsanlara görə azad edilən 10-a yaxın bağça müdiri yenisi ilə hələlik əvəzlənməyib.
“Həmin bağçaların rəhbərliyi bir müddətlik ali təhsili tərbiyəçilərə həvalə olunub. Əgər onların potensialı imkan versə və işlərini doğrulda bilsələr ola bilsin ki, onlar elə rəhbər təyin olunsunlar. Amma hələlik həmin yerlərə yeni müdirlərin təyin olunması söhbət mövzusu deyil”.
Komissiyadan eyni zamanda məktəbəqədər təhsil müəssisələrində uşaqlarına yer tapa bilməyən valideynlərin narazılığı ilə bağlı məsələyə də münasibət bildirilib.
“Bağçalarda normalara uyğun qəbul aparılır. Əsas keyfiyyətdir, normativdən artıq uşaq qəbulu da keyfiyyətsiz nəticə verəcək. Bu isə bizə lazım deyil. Eyni zamanda bağçalarda təmir işləri il boyu və gələn il də aparılacaq. Deyək ki, 3 ay müddətində bağça təmir olunub təhvil veriləcək bu da inandırıcı deyil. Bu müvəqqəti narahatlıqdır. Əgər sonda yaxşı nəticə əldə olunacaqsa bu narahatlığa dözmək lazımdır. Onsuz da uşaq bağçaları ilə bağlı çatışmazlıq var, respublika üzrə uşaq bağçaları tələbatın 20%-ini, Bakı üzrə 23%-ini təşkil edir”.
Komissiyadan həmçinin qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində valideynlərdən pul istənilməsi qanunsuzdur. “Hamı bilsin ki, dövlət məktəbəqədər təlim-tərbiyə müəssisələrinin hamısı pulsuzdur. Vətəndaşlardan ödəniş tələb olunduqda onlar heç olmazsa bunu təsdiqlədən qəbz tələb etsinlər, çünki bu qanunsuzdur. Valideynlər də bununla bağlı bizə müraciət edəndə bildiririk ki, kortəbii hərəkət etməyin”.
Aytən Əliyeva