Modern.az

Ucqar kəndlərə işləməyə göndərilən müəllimlər oradan niyə qaçırlar? - SƏBƏB

Ucqar kəndlərə işləməyə göndərilən müəllimlər oradan niyə qaçırlar? - SƏBƏB

Ölkə

12 Sentyabr 2012, 13:15

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov Modern.az saytına açıqlamasında bu il rayonlara, rayon mərkəzlərinə, ucqar kəndlərə 800 müəllimin işləməyə göndərildiyini deyib. F.Qədirov onu da bildirib ki, bu müəllimlərdən heç biri göndərildiyi yerdən imtina etməyib.

Amma faktdır ki, bu gün ucqar kəndlərə göndərilən müəllimlərin əksəriyyəti getdiyi yerlərdə lazımi şərait olmadığına görə, orada qalıb dərs deməkdən imtina edirlər.

Elə həmin müəllimlərdən biri Gülnarə Rzayeva Modern.az saytına Bərdənin Qaratəpə kəndində qarşılaşdığı mənzərəni danışıb. O qeyd edib ki, nazirlik tərəfindən göndərildiyi yerdə heç də deyilən qədər şərait yox imiş.

“Təhsil Nazirliyi verdiyi vədlərə riayət etmir. Deyilmişdi ki, şərait yaradılacaq, torpaq sahəsi ayrılacaq. Ancaq bunların heç biri yox idi. Məktəb ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir, ikinci mərtbədə mənə birotaqlı mənzil verilməli idi. Amma orada məcburi köçkünlər məskunlaşdığı üçün qalmağa yer yox idi. Qonşu  kənddə yer var idi, onu da özüm tutmalı idim. Amma həmin yerlə məktəb arasında 5 km məsafə var idi. Bunun qışı, payızı var, o yolu necə gedib-gələcəm? Aldığım maaşı yolpuluna verməliydim”.

G.Rzayeva kommunal xidmətlərin də yaxşı olmadığını bildirib. “Qaz demək olar ki yoxdur. İşıq da qışda yaxşı verilmir. Suyu isə özün əlinlə gətirməlisən. Yollardan isə heç danışmağa dəyməz. Bundan əlavə, orada olanda bildim ki, o məktəbdə heç vaxt ingilis dili müəllimi olmayıb. İndiyədək kim ora salınıbsa, gedib orada şəraitsizliyi gördükdən sonra geri qayıdıb”.  

G.Rzayeva qeyd edib ki, əgər orada işləməyə getsəydi, maaşdan əlavə ona 110 manat pul veriləcəkdi. “Amma lazımi şərait olmadığı üçün ora getməkdən imtina etdim. Təhsil Nazirliyindən deyilir ki, Maliyyə Nazirliyi tərəfindən orada lazımi şəraitin yaradılması üçün maliyyə ayrılmalıdır. Amma biz orada olanda heç nə görmədik”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı