Modern.az

Tofiq Yaqubludan yeni açıqlama: “Qızımı neçə gündür ki, ac-susuz məhkəmədə saxlayırdılar”

Tofiq Yaqubludan yeni açıqlama: “Qızımı neçə gündür ki, ac-susuz məhkəmədə saxlayırdılar”

Ölkə

12 Sentyabr 2012, 13:24

Susmağa məcburam...”

Müsavat başqanının müavini Tofiq Yaqublu qızı Nigar Yaqublunun həbs edilməsi və onun haqqında mətbuatda yayılan məlumatlarla bağlı Modern.az-a açıqlama verib. T.Yaqublu hadisələrin mətbuatda belə təqdim edilməsindən məyus olduğunu bildirərək, qızının gühansız olduğunu vurğulayıb. Müsavat rəsmisi həmçinin bəyan edib ki, o artıq susmaq məcburiyyətindədir.

“Çox təəssüf edirəm ki, mənim haqqımda bu cür informasiyalar yayılır. Aydın Acalov mənim yaxım qohumumdur. Nigarın onun maşınında olmasından təbii ki, mənim xəbərim var idi. Bu haqda artıq söz-söhbətə də ehtiyac yoxdur. Mən çox yaxşı bilirəm ki, bu mənə qarşı hazırlanan siyasi sifarişdir. Amma qızımın nə günahı var ki? Bir daha mənə qarşı, ailəmə qarşı qara yaxan insanlara demək istəyirəm ki, mən heç vaxt mübarizəmi dayandırmayacam. Qızımın işinə gəldikdə indi bəzi məqamlarla bağlı susmağa məcburam. Mən demirəm ki, Nigar həmin maşında olmayıb. Nigarın bu hadisədə heç bir günahı yoxdur. Qəzadan sonra Nigar hospitala ağır vəziyyətdə aparılsa da, gəlib ondan ifadə almağa çalışırdılar. Halbuki,  Nigar çox ağır durumda idi. İfadə vermək iqtidarında deyildi. Mənim haqqımda da mətbuatda müxtəlif məlumatlar yayılır ki, guya, məni istintaqa çağırıblar, mən getməmişəm. İnanın ki, neçə dəfə çağırıblar, hər dəfə də istintaqa getmişəm. Haqsızlığa baxın ki, qız uşağını neçə gündür ki, ac-susuz məhkəmədə saxlayırdılar. Gecə saat 10-da məhkəmə olar? Mən çox səbirli adamam. Bizə qarşı şər, böhtan atsalar da,  mübarizəmizi davam etdirəcəyik. Əlimizdə ciddi faktlarımız olduğu üşün vəkil tərəfindən mənə tapşırılıb ki, bu haqda heç bir başqa məlumat verməyim. Bu baxımdan hardasa susmağa ehtiyac var”, - deyə T.Yaqublu bildirib.

“Nigar Yaqublu Aydın Acalovla hara gedirdi ki” sualımıza T.Yaqublu cavab vermək istəmədiyini bildirib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi də məlum hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Bildirilir ki,  avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı Müsavat başqanın müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu barəsində cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin məlumatında Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyi və qəzanın onun təqsiri üzündən baş verdiyi qeyd olunub.

Xatırladaq ki, DİN-in yaydığı məlumatda qeyd olunub ki, sentyabrın 10-da N.Yaqublu cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada şübhəli şəxs qismində tutulub, ona həmin maddə ilə ittiham elan olunaraq Abşeron rayon məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı