“Gec də olsa Ayaz müəllimə mən özüm zəng vurub, hal-əhval tutdum”
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun vaxtı ilə hüquqlarının müdafiə komitəsinin rəhbəri olmuş kinorejissor Əbdül Mahmudov sabiq ölkə başçı ilə bağlı Modern.az-a maraqlı açıqlama verib. Vətənə qayıdandan sonra Ayaz Mütəllibovla görüşmək istədiyini deyən Əbdül Mahmudov bu yaxınlarda dünyaya gələn nəvəsinə keçmiş silahdaşının adını qoyub. Kinorejissor həmçinin bu yaxınlarda Ayaz Mütəllibovla telefon vasitəsi ilə əlaqə saxladığını bildirib.
“Ayaz Mütəllibov Bakıya gələndə mən onu görmək istəyirdim. Dəfələrlə çalışsam da görüşüb, bir-iki kəlmə söhbət edə bilmirdik. Sözün açığı Ayaz müəllim də məni itirib-axtarmırdı. Nə zəng edirdi, nə də maraqlanırdı. Axırda dayana bilmədim, ona zəng vurub danışdım, hal-əhval tutdum. O da çox sevindi mənimlə danışdığına. Bildirdi ki, inşallah yaxın zamanlarda vaxt eləyib görüşər. Ondan sonra ara-sıra vaxt olan kimi Ayaz müəllimlə telefonla əlaqə saxlayırıq.
Sizə onu da deyim ki, mənim bu yaxınlarda bir nəvəm dünyaya gəldi, onun adını Ayaz qoydum”,- deyə şeyx Əbdül vurğulayıb.
Bakıya qayıtdıqdan sonra Ayaz Mütəllibovun keçmiş silahdaşları ilə görüşmədiyi, hətta evindən kənara çıxmadığı haqda deyilənlərə münasibət bildirən Əbdül mahmudov qeyd edib ki, eks-prezident heç də özünə qapanmayıb, dostları ilə də tez-tez görüşür:
“Ayaz Mütəllibov vətənə gələndən sonra mətbuata çıxmağı, onunla bağlı məlumatların işıqlandırılmasını istəmir. Bunun da subyektiv səbəbləri var. Amma o demək deyil ki, Ayaz müəllim özünə qapanıb, heç kiminlə görüşmür. O, dostları ilə də tez-tez görüşür. Sadəcə olaraq, bu mətbuata bildirilmir. Mən Ayaz Mütəllibovla danışanda o mənə burdakı həyatında razı olduğunu, darıxmadığını bildirdi. Bu yaxınlarda biz görüşəcəyik”.
Anar RÜSTƏMOV