Sərdar Cəlaloğlu: “Rəsul Quliyev nə İsa Qəmbərə, nə də Əli Kərimliyə rəqib ola bilər”
Müxalifət düşərgəsi Açıq Cəmiyyət Partiyasının lideri, Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin vaxtaşırı səsləndirdiyi təklifləri qulaqardına vurur, onun tənqidlərinə sərt reaksiya verir. Halbuki, bir neçə il öncə ölkə siyasətini “Quliyev faktoru” olmadan təsəvvür etmək olmurdu. Eks-spiker aparıcı müxalifət düşərgəsinin vacib fiquru olaraq, siyasi müstəvini yönləndirən nüfuzlu siyasətçilərdən biri idi. Bəs indi eks-spikerin bu düşərgəyə “yad” olmasının səbəbləri nədir?
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu keçmiş partiyadaşı sabiq spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin “yad”laşmağını şərh edərkən bildirib eks-spiker artıq Azərbyacan cəmiyyətində qəbul edilmir. ADP sədri Modern.az-a açıqlamasında eks-spikeri qeyri-obyektiv olmaqda ittiham edib.
“Doğrudur, Rəsul Quliyev bu gün müxalifət düşərgəsində siyasi lider kimi qəbul olunmur. Bu onunla bağlı deyil ki, İctimai Palata, o cümlədən müxalifət partiyaları Rəsul Quliyevdən qorxurlar. Heç kim ondan nə qorxur, nə də çəkinir. Diqqət edin, Rəsul Quliyev bir zamanlar Azərbaycan müxalifətinin aparıcı fiquru idi, onun hər bir

sözü, hər bir fikri qəbul olunurdu. İndi nə üçün müxalifət onu qəbul etmir? Rəsul Quliyev indi oturub Amerikada müxalifətin ünvanına olmazın sözünü deyir. Əslində Rəsul Quliyev bu bəyanatları ilə siyasi sferada öz obyektivliyini itirib. Bu gün onun fikirləri kimin üçün maraqlıdır? Gəlin etiraf edək ki, Rəsul Quliyev İctimai Palataya, müxalifətə düşmən mövqedə dayanıb. Belə insanı necə qəbul edə bilərik? Müxalifət liderləri Azərbaycanda çətin şəraitdə siyasi mübarizələrini davam etdirəndə Rəsul Quliyev Amerikadan durub onları tənqid edir. Rəsul Quliyev nə qədər qərəzli mövqedən çıxış edəcək, o vaxta kimi də qəbul olunmayacaq. O, özü-özünə qiymət verməyəndən sonra başqası niyə qiymət versin ki?”, - deyə S.Cəlaloğlu bildirib.
ADP sədri Rəsul Quliyevin prezident seçkilərində iştirakı ilə bağlı səsləndirdiyi fikirlərin absurd olduğunu və eks-spikerin seçkilərdə müxalifət liderlərinə ciddi rəqib olmadığını bəyan edib.
“Bu gün Rəsul Quliyev seçkilərlə bağlı müxtəlif bəyanatlar verir. Halbuki o, Azərbaycanda indiki durumda İsa Qəmbərə və ya Əli Kərimliyə rəqib ola bilməz”.
Anar RÜSTƏMOV