Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərə Prezident təqaüdünün verilməsi üçün onların adlarını ölkə rəhbərliyinə göndərib. Modern.az xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə bildirib.
“Prezident təqaüdü almaq üçün Prezident Administrasiyasına 600 baldan yuxarı nəticə göstərən və Azərbaycan ali məktəblərində qeydiyatdan keçib, burada oxuyacaq hər ixtisas qrupları üzrə ilk 25 nəfərin siyahısı təqdim olunub”.
Məleykə Abbaszadə bildirib ki, Prezident Administrasiyasına adları təqdim olunan tələbələrin sənədləri yoxlanılır.
“Qərar qəbul olunan kimi bu barədə birinci media məlumatlı olacaq” - deyə TQDK sədri vurğulayıb.
Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev yaxın vaxtlarda 2012/2013-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayacaq. Sərəncamla yuxarıda adları qeyd olunan abituriyentlər də daxil olmaqla 100 tələbənin hər birinə 150 manat məbləğində Prezident təqaüdü ayrılacaq
Mail AĞAXANOV