Modern.az

“Əli Abbasovun qayğısı həmişə üstümüzdə olub” - nazirin keçmiş aspirantı

“Əli Abbasovun qayğısı həmişə üstümüzdə olub” - nazirin keçmiş aspirantı

Ölkə

15 Sentyabr 2012, 16:21

Modern.az-ın “Dövlət məmurları və onun aspirantları“ layihəsinin budəfəki həmsöhbəti Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevdir.

O, vaxtilə elmi rəhbəri olan hazırki rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovdan danışıb.

Kiçik qeyd: Əli Abbasov 150-dən çox elmi-texniki əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifi olmaqla yanaşı, 50-dən çox tələbənin də elmi rəhbəri olub. 2004-cü il fevralın 20-dən rabitə və informasiya texnologiyaları naziridir.

- Akademik Əli Abbasovla müəllim-tələbə münasibətləriniz necə başladı?

- 1979-cu ildə mən ali məktəbi bitirib təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda gənc mütəxəssis kimi fəaliyyətə başladım. Elə həmin ərəfədə Əli müəllim Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunda məşhur alim, akademik V.Qluşkovun rəhbərliyi ilə namizədlik dissertasiyasını vaxtından əvvəl uğurla müdafiə edib Azərbaycana dönmüşdü. Onuda qeyd edim ki, o zamanlar Əli müəllim bir elmin problemin-böyük inteqral sxemlərin (çiplərin) ölçüsünün kiçildilməsi üçün bu gündə aktuallığını saxlayan bir metod işləmiş və sovet hərbi sənaye kompleksində tətbiq olunmuşdur. Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda, sonralar Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində (indiki İnformasiya Texnologiyaları İnstitutunda) birgə çalışdığımız dövrlərdə Əli müəllim mən və mənim kimi çoxlu sayda gənclərdə elmi təfəkkürün formalaşmasında müstəsna rolu və xidmətləri olmuşdur. Əli müəllim Azərbaycanda ilk dəfə kompyuter şəbəkələri sahəsində tədqiqatlara başlamış,paylanmış informasiya sistemlərinin elmi-nəzəri əsaslarının işlənməsi və inkişafında böyük uğurlar qazanmış, eyni zamanda, həmin nəzəri nəticələri praktikada tətbiq etmişdir. 30 ildən artıq bir müddət ərzində akademik Ə.Abbasov sözün əsl mənasında nüfuzlu bir elmi məktəb yaratmışdır. Bu elmi məktəbin çoxlu sayda yetişdirmələri- elmlər doktorları, namizədləri, peşəkar mütəxəssisləri ölkəmizdə müxtəlif qurumlarda və onun hüdudlarından kənarda (ABŞ, İsrail, Türkiyə və s.) fəaliyyət göstərirlər. Mən də həmin elmi məktəbin nümayəndələrindən biri kimi bu gündə onun rəhbərliyi altında fəaliyyət göstərir, gənc nəslin yetişdirilməsində, ölkəmizdə informasiya cəmiyyəti quruculuğu işlərində yaxından iştirak edirəm.

- Deyəsən elmi rəhbər olmaqla yanaşı, bu elmin dərinliklərinə varmaqda da yardımçı olub sizə?

- Siz təmamilə haqlısınız. Əli müəllim hələ gənc yaşlarından özünün intellektual potensialı, əməksevərliyi, vətənpərvərliyi və digər yüksək insani keyfiyyətləri ilə fərqlənən şəxslərdən olub. Bu keyfiyyətləri nəticəsində daim o, ətrafına çox qabiliyyətli gəncləri toplayıb, onlara məsləhətlər verib, düzgün yol göstərib, təmənnasiz olaraq hər bir kəsə yardım edib. Bu gün elmdə, ümumiyyətlə, həyatda qazandığım uğurlarda Əli müəllimin zəhməti böyükdür.

Akademik Ə.Abbasov özünün şərəfli əmək və elmi bioqrafiyası ilə gənclərimizə böyük örnəkdir. Onun rəhbərliyi altında fəaliyyət göstərdiyim, elmi araşdırmalar apardığım illəri xoş xatirələrlə və minnətdarlıq hissi ilə xatırlayıram. Gənclik illəri arxada qalsa da, yenə də onun məsləhətlərinə, tövsiyyələrinə ehtiyac duyuruq. Bir nazir kimi dövlət və cəmiyyət qarşısında məsul vəzifə daşımasına və həddən artiq məşğul olmasına baxmayaraq, yenə də həmin gənclik enerjisi ilə informasiya texnologiyaları sahəsində mövcud olan aktual elmi- praktiki problemləri daima gündəmə gətirir, beynəlxalq səviyyəli konfranslar təşkil edir, gənc nəslin təhsilinə və alim kimi formalaşmasına böyük qayğı göstərir, dünyanın aparıcı elmi mərkəzləri tərəfindən hörmətlə qarşılanan nəzəri yanaşmalar və baxışlar təklif edir. Təsadüfi deyildir ki, dünyaca məşhur alim, professor Lütfi Zadə akademik Ə.Abbasovun elmi fəaliyyətinə yüksək qiymət vermiş, onların arasında çox səmimi dostluq və əməkdaşlıq münasibətləri yaranmışdır.

- Hansı mövzuda müdafiə etmisiniz?

- Bu 30 ildən artıq bir müddətdə akademik Ə.Abbasov elmi məktəbinin yetişdirmələri həm informatika problemlərinin həlli və nəzəri əsaslarının inkişafına, həm də, xüsusi ilə qeyd etmək istəyirəm ki, cəmiyyətin informasiyalaşdırılması işlərinə önəmli töhfə verirlər. Belə ki, Əli müəllimin rəhbərliyi altında 1991-ci ildə Azərbaycanda İnternetin milli seqmentinin əsası qoyulmuş, 1995-ci ildə ilk veb-sayt (indiki www.science.az) yaradılmış, müstəqil ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsinə xidmət edən bir sıra strateji əhəmiyyətli, elmi tutumlu layihələr həyata keçirilmiş (qırıcı təyyarələrin “qara qutu”sunun oxunması, analiz edilməsi və s.), bir sözlə, milli maraqlara xidmət edən hərbi informatikanın bünövrəsini qoymuşdur. O ki, qaldi mənim araşdırdığım elmi problemlərə, namizədlik dissertasiyam qlobal kompyuter şəbəkələrinin əsasını təşkil edən qovşaqların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün modellər və alqoritmlərin işlənməsinə, doktorluq dissertasiyam isə açıq kompyuter şəbəkələrində, İnternetdə informasiya təhlükəsizliyini təmin edən adaptiv, çevik sistemlərin sintezi üçün səmərəli mexanizmlər və metodların yaradılmasına həsr olunmuşdur. Bildiyiniz kimi, İKT- nin tətbiqi geniçləndikcə, cəmiyyətin informasiyalaşdırılması səviyyəsi dərinləşdikcə informasiya təhlükəsizliyi problemləri daha da aktuallaşır. Məhz buna gorə də bu problemlər daima diqqət mərkəzindədir, akademik Ə. Abbasovun tövsiyyəsi ilə İnformasiya Texnologiyaları İnstitutunda həmin sahəyə dair araşdırmalar aparılır, elmi kadrlar və mütəxəssislər hazırlanır, dərsliklər yazılır və tədris olunur.

- Elmi rəhbər olmaqdan əlavə bir insan kimi Əli Abbasovu necə qiymətləndirirsiniz?

- Yuxarıda qismən də olsa, bu suala cavab verdim. Əlavə olaraq qeyd etmək istərdim ki, Əli müəllim çox mehriban, qayğıkeş, ünsiyyətcil, dərin intuisiyaya malik, gözəl təşkilatçı, yüksək mənəviyyata, ən başlıcası demokratik təfəkkürə malik ədalətli bir insandır. Ondan həmişə öyrənmək lazımdır. Kimlər vaxtı ilə Əli müəllimin məsləhətlərini qəbul edib çalışıblarsa, bu gün onlar həyatda layiqli yerlərini tutublar, çəkdikləri zəhmətin bəhrəsini ğörürlər. Onlardan biri də mənəm. Taleyimdən çox razıyam ki, gənc yaşlarından başlayaraq mənim fəaliyyətim və həyatım bu Böyük insanla bağlıdır. Hər zaman Əli müəllimin qayğısını hiss etmişəm və indi də onun müdrik məsləhətlərinə ehtiyac duyuram.

- Hal-hazırda münasibətləriniz müəllim-tələbə münasibətləridir yoxsa həmkarsınız?

- Bildiyiniz kimi, müəllim-tələbə münasibətləri yaşla bağlı deyil. Zaman keçdikcə bu münasibətlər daha da ülviləşir, nostalji hisslər, şirin xatirələr ilə zəngin olan dərin məzmun alır. Digər tərəfdən, Əli müəllim həm nazir, həm də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) kimi nəinki mənim, digər alimlərin və qurumların qarşısında mühüm vəzifələr qoyur, həmçinin bir həmkar kimi elmi müzakirələrdə iştirak edir, dəyərli məsləhətlərini verir.

- Heç olurmu ki, elmi rəhbərinizlə fikirləriniz üst-üstə düşməsin?

- Əli müəllimin rəhbərlik etdiyi elmi məktəbin demokratik dəyərlərə söykənən böyük ənənəsi vardır. Ümumiyyətlə, elmi araşdırma prosesində alimlərin mülahizələrinin, baxışlarının üst-üstə düşməməsi təbii haldır. Elmi nəticələr də bu fərqli baxışların, bəzən ziddiyyətlərin təsiri altında cilalanır, təbiətdə, cəmiyyətdə tətbiqini tapır. Akademik Ə. Abbasovun elmi məktəbinin fəlsəfəsinin əsasını da məhz bu həqiqət təşkil edir. O, tələbələrinin müstəqil fikirlərinə böyük hörmətlə yanaşır, onları ruhlandırır, nailiyyətlərinə ürəkdən sevinir. Bir sözlə Əli müəllimin qəlbi çox genişdir. Orada xoş niyyətli insanların hər birinə yer vardır. Akademik Ə. Abbasovun elmi məktəbinin davamlı və dayanıqlı inkişafını təmin edən mühüm dəyər də məhz bundan ibarətdir.
Son olaraq mənə yaratdığınız bu imkana görə sizə, real və virtual məkanda öz dəsti-xətti olan modern.az saytının bütün yaradıcı kollektivinə minnətdarlığımı bildirir və hamınıza uğurlar diləyirəm.

Şahanə Rəhimli

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı