Modern.az-da “Estafet” rubrikasının növbəti qonağı Azəbaycan İslam Partiyasının sədr müavini Hacı Rövşən Əhmədlidir.
Xatırladaq ki, rubrikamızın bundan öncə qonağı olmuş ssenarist Eldəniz Quliyev Rövşən Əhmədliyə bu sualları ünvanlamışdı:
- Bu gün milli-mənəvi və əxlaqi dəyərlər təbii surətdə aşınmaya uğrayır. Gələcək faciələrə yol açan bu aşınma kimlər və ya kim tərəfindən qəsdən düşünülmüş formada həyata keçirilir?
- Dünyəvilik və din-bütün dünyada bu iki anlayışı birləşdirməyə kompromis variant tapmağa qlobal cəhdlər göstərilir. Qonşu Türkiyə və Avropa ölkələrində dünyavilik və din hər hansı kompromis variantda bir araya gəlir və insanlar da normal yaşayırlar. Azərbaycanda bu proses tam əks istiqamətdə cərəyan edir. Bunun səbəbi nə ilə bağlıdır?
Hacı Rövşən Əhmədli Modern.az vasitəsilə Eldəniz Quliyevə cavab verdi:
- Milli-mənəvi, əxlaqi dəyərlər millətin və dövlətin əsas sütunudur. Azərbaycan xalqı yalnız bu dəyərlərə söykənəndə güclü və məğlubedilməzdir. Çox təəssüf ki, bu gün dünyanı bir qütbdən idarə etmək niyyətində olanlar bütün məkanlarda dəyərləri məhv etmək, insanları yaranış təyinatından kənarlaşdırıb yalnız öz çirkin məqsədlərinə xidmət etməyə yönəltməyə çalışırlar. Azərbaycanda da xalqları öz tarixi köklərindən ayırmaq, əxlaqsızlığı və bundan doğan bütün fəsadları sivil mədəniyyət kimi cəmiyyətə təqdim etməyə çalışan çox geniş fəaliyyətlər mövcuddur. Bütün bunlar ilk növbədə sionist israil rejiminin qələbə çaldığı, rəhbərlik və idarə etdiyi Qərb ölkələri və ABŞ tərəfindən həyata keçirilir.
- Əvvala yəqin bilmək lazımdır ki, İslam dini dünyəvi dindir. Din gözəl əxlaqla yaşam tərzidir. Dünya da bu əxlaq əsasında idarə olunarsa, insanlar layiq olduqları izzət, şərəf və ləyaqətlə yaşama haqqına sahib olarlar. ALLAH insanı kamil surətdə xəlq edib və ona ağıl adlı elə bir nemət verib ki, insana ayrılmış ömür payını boş və keçəri həvəslərə sərf edərək puç etməsin. Ağıla əsaslanan elm və iman insanları kamillik zirvəsinə doğru aparan ən düzgün yoldur. Çox təəssüf ki, Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin din haqqındakı bilgisi səthi və yetərsizdir, bir çox hallarda isə tamamilə yanlış təbliğ olunur. Bunun da geniş obyektiv və subyektiv səbəbləri var ki, Sizin bir sorğunuzda tamamilə əhatə etmək yəqin ki, mümkün olmayacaq, Bunu əminliklə söyləyə bilərəm ki, Azərbaycan İslam Partiyası olaraq hər zaman, yalnız qanunlarla idarə olunan hüquqi, demokratik dövlət quruculuğu uğrunda mübarizə aparmışıq, aparmaqda da davam edirik və bütün maneələrə baxmayaraq, Azərbaycan xalqının xoşbəxt gələcəyinə inanıram.
Hacı Rövşən Əhmədli sualları cavablandırdıqdan sonra estafeti Müsavat başqanı İsa Qəmbərə ötürdü və ona öz suallarını ünvanladı:
- İsa bəy, bu gün cəmiyyətdə daha çox konsensusdan, vətəndaş cəmiyyətindən danışılır, amma Azərbaycanda real, geniş sosial bazaya və potensiala malik olan islami qüvvələr demokratik qüvvələrə alternativ kimi təqdim olunur. Siz Azərbaycandakı İslami qüvvələrin hal-hazırkı ictimai-siyasi proseslərə təsirini necə dəyərləndirirsiniz və onları demokratik düşərgəyə əks olan qüvvə hesab edirsinizmi?
- Gözlənilən prezident seçkilərində hansı məsələlərin həllini təxirəsalınmaz hesab edirsiniz və İslamçı qüvvələrlə müzakirə etmək istədiyiniz məsələlər varmı ?
Pərvin ARZUQIZI