Modern.az

"İstedadlı insan utancaq olur” - məşhur balabançı Əlixan Səmədov - MÜSAHİBƏ

"İstedadlı insan utancaq olur” - məşhur balabançı Əlixan Səmədov  - MÜSAHİBƏ

Ölkə

18 Sentyabr 2012, 11:36

Modern.az-ın müsahibi Türkiyədə yaşayan soydaşımız Əlixan Səmədovdur. Artıq 20 ildir Türkiyədə məskən salmış Ə.Səmədov balaban musiqi alətinin mahir ifaçısı kimi kifayət qədər tanınır.

– Nə vaxtdan balaban ifa etməyə başlamısınız?

– Uşaqlıq illərimdə, 10 yaşımda musiqiyə marağım nağara ilə başlayıb. Sonra qarmon, qaboy, klarnet, zurna, balaban, tütək və s. nəfəsli alətlərlə tanış oldum.

– Bəs niyə sonda balabanı seçdiniz?

– Məni yaxından tanıyan, konsertlərimdə iştirak edən dinləyicilər, bir çox musiqi alətində ifamı dinləyiblər. Hətta bu musiqi alətlərini istifadə edərək disk çıxarmağımı istəyənlər də çox olub. Amma bunu qeyd etmək istəyirəm ki, özümü balabanla daha rahat hiss edirəm. Çünki balaban mənim ürəyimin dilidir.

– Azərbaycandan Türkiyəyə getməyinizin səbəbi nə idi?

– Türkiyəyə gəlmədən öncə demək olar ki, bir çox Avropa ölkələrində olmuşdum. Nə vaxt ki, Türkiyəyə gəldim, mənə elə gəldi ki, sanki daha öncə burada yaşamışam. Gördüyüm insanlar mənə doğma göründü. Çox qısa bir zamanda da tanıdıqlarım çoxaldı. Beləliklə məni Türkiyəyə, musiqi sahəsində dərs vermək üçün dəvət etdilər. Artıq 20 ilə yaxındır ki, Azərbaycanın milli musiqi aləti olan balabanı həm Türkiyədə, həm də digər ölkələrdə tanıtmağa çalışıram. Hər halda taleyim belə yazılıbmış. Onu da deyim ki, mənim üçün əsas olan Azərbaycanda yaşamaq deyil, Azərbaycanı yaşatmaqdır!

– Azərbaycan xalqı sizi Türkiyədən tanıdı. Səsiniz oradan gəldi. Bunun səbəbi nədir?

– Məqsədim odur ki, balabanı tanısınlar. Məni tanıyan, o zamanlar da çox idi. Sadəcə televiziyalarda çox görünmürdüm. Bu dəqiqə Azərbaycanda elə istedadlar var ki, xalqımız onları da tanımır. Çünki istedadlı insanlar, dəvətsiz heç bir yerə getmirlər, daha doğrusu utanırlar. İstedadı olmayanları isə hər yerdə görmək mümkündür. Unutmayın, mədəniyyətimizə, xalqımıza və eləcə də Azərbaycanımıza bir qram xeyri olmayan, o qədər insan var ki, xalqımız da təbii olaraq onları tanıyır. 

– Dediniz ki, Azərbaycanda da sizi tanıyanlar var idi. Bəs niyə Türkiyədə məşhurlaşdınız?

– Musiqi sahəsində belə bir qayda var. Əgər bir sənətçi, öz diskini hazırlayıb satışa verirsə, xalq da sevərək o diski alıb dinləyirsə, deməli, məşhur olmamasına heç bir səbəb yoxdur. Əsas çətinlik isə məşhur olduqdan sonra başlayır. Onu qorumaq hər sənətçinin işi deyil. Bir çox məşhur sənətçi, inanın ki, ünvanını qoruya bilmədiyi üçün yox olub getdi. Sadəcə Türkiyə deyil, dünyanın bir çox yerlərində balabanın səsinə rast gəlmək mümkündür. Nə zaman ki, Azərbaycanda da, dünyanın hər tərəfində olduğu kimi, sənətçilər disk satışından qonorar əldə edərlərsə, o zaman gerçək sənətçilər də bəlli olacaq. Sənətçini yaşadan, onun əsərləridir!

– Balabanı Azərbaycandan kənarda tanıdan insanlardan biri sizsiniz, belə deyə bilərik ki, ancaq sizsiniz. Digər ifaçılar o qədər də çox məşhur deyil. Sizcə, bunun əsas səbəbləri nədir?

– Ən böyük əskiklərdən biri demək olar ki, Azərbaycanda fəaliyyət göstərən musiqi firmalarının, bir-biri ilə rəqabət halında olmamasıdır. Firmalar, ən istedadlı musiqiçilərimizə disk hazırlayıb satışı ilə məşğul olsalar, inanıram ki, daha bir çox istedadlı musiqiçilərimizi həm dünya, həm də xalqımız tanıyar.

– Erməni ifaçısı Civan Qasparyan balabanın adını dəyişərək “duduk” qoyub. Sizdə artıq balaban ifaçısı kimi çox məşhursunuz. Bu haqda nə deyə bilərsiniz. Ermənilər balabanı ifa edərkən, hansı fərqlər nəzərə çarpır?  

– Bunu unutmamaq lazımdır ki, balabanı istifadə edən bir çox ölkə var. Hər ölkə də özünəməxsus ifa tərzi ilə və adları ilə dəyişir. Sadəcə balaban deyil, başqa musiqi alətlərini də örnək göstərə bilərik. Azərbaycanda “qaboy” dediyimiz musiqi aləti dünyada “Obua” adı ilə tanınır. Bu cür adları heç nə dəyişə bilməz. Necə ki, Azərbaycanda hər kəsin bildiyi balaban Gürcüstanda “duduki” , Ermənistanda “duduk”, Cənubi Koreyada “Hyanpiri”, Yaponiyada “hichiriki” və s. adlarla tanınır. Belə misalları çoxalda bilərik. Bu o demək deyil ki, hər hansı bir ölkə bizim musiqi alətimizin adını dəyişdirib. Türkiyəyə gəldiyim zaman gördüm ki, biz balabanımızı heç tanıtmamışıq. Bunu demək istəyirəm ki, hansı ölkə çox tanıdarsa, inanın ki, o ölkə də, o musiqi alətini daha çox yaşadacaq. Bu barədə əgər bir az düşünsək, inanın ki, o zaman daha xeyirli layihələrə imza atmış olarıq.

– Balabanın artıq dünyaya çıxması, Azərbaycanın musiqi aləti olmasını sübut etmək üçün nə etmək olar? Yəni dünya turnelərinə çıxmaq fikriniz varmı?

– Bununla bağlı bir çox layihəyə imza atdım. Sadəcə gözləmək lazımdır. Bunu deyə bilərəm ki, çox az qalıb.

– Türkiyədə toylara dəvət alırsınız?

– Bəli, çox dəvət alıram. Sadəcə ən yaxın dostlarımın toyunda iştirak etməyi sevirəm. Hətta keçən ay İstanbulda “Vağzalı” sədaları altında bir dostumun qızının toyunda iştirak etdim. Belə də oldu ki, çox iştirak etmək istədiyim toylara da gedə bilmədim.

– Ümumiyyətlə musiqiçin toya getməsinə münasibətiniz necədir?

– Mən deyərdim ki, hər bir musiqiçi toya getməlidir. Sadəcə hər toya deyil, o musiqiçinin qiymətini bilənlərin toyuna. Bir ata sözü var. “Daş yerində ağırdır” .    

– Bəs Azərbaycanda sizi toya dəvət ediblər? Gəlmisiniz?

– Bəli, Azərbaycana da gəlmişəm, yenə də yaxın dostlarımın, qohumlarımın və doğurdan da balabanı dinləmək istəyənlərin toyuna.

– Heç sizə mahnı sifarişi ediblər ki, bu mahnını ifa et, yoxsa ürəyinizdən keçənlərdir ifa etdikləriniz?

– Mahnılar sifarişlə olmaz, ilham gəldiyi zaman mahnılar bəstələnir. Sifariş verənlər də olur, amma gözəl bir layihədirsə, onu günlərlə düşündükdən sonra bəstələmək mümkündür. Bu günə qədər bir çox bəstələdiyim musiqilərim, dünyanın bir çox yerindən eşitmək mümkündür. 

– Türkiyədə məşhur insanlardan kimlərlə birgə ifa etmisiniz?

– Hər tanınmış sənətçi ilə bərabər ifam olub. Bir çoxunun disk çalışmalarında balaban səsinə rastlaşmaq mümkündür. 

– Hazırda hansı planlarınız var? Sizi sevənləri hansı yeniliklər gözləyir?

– “Balaban-8” adlı diskim çıxmaq üzrədir. Bu layihə 3 illik çalışmalarım sayəsində, İnşallah işıq üzü görəcək. Və  bunu deyə bilərəm ki, ilk öncə Azərbaycanda, Azərbaycan dilində, sonra Türkiyədə türk və ardıcıl olaraq digər ölkələrdə dəyişik dillərdə çıxacaq. İnanıram ki, bu layihə, bütün dünyada böyük səs gətirəcək.              

– Musiqidən əlavə başqa nə ilə məşğul olursunuz?

– Ancaq musiqi ilə.

– Bəs biznes fəaliyyətiniz varmı?

– Düşünürəm ki, hər kəs bildiyi işlə məşğul olarsa, daha xeyirli olar. Amma ticarətlə məşğul olan dostlarıma da hər zaman kömək edirəm. 

– Hobbiləriniz nədir?

– Şahmatı çox sevirəm. Vaxtım olanda başqa şəhərlərə gedib, dostlarımla görüşməyi sevirəm. Çox zaman tək başıma, dənizi seyr etməyə gedərəm.

– Bir az ailə həyatınızdan danışaq. Ailə qurmaq fikriniz varmı?

– Bu məsələdə gecikmişəm.

– Vətənə həmişəlik dönmək istərdinizmi? Yoxsa elə Türkiyədə qalacaqsınız?

– Azərbaycan mənim vətənimdir. Bu günə qədər hər işimi Vətənimə həsr etdim. Əgər bilsəm ki, Azərbaycanda mənə ehtiyac var, döndüyüm zaman daha da xeyrim dəyəcək, inanın ki , heç düşünmədən həmən dönərəm. Ən böyük arzularımdan biridir, Azərbaycanda Balaban sevən gənc musiqiçilərimizə, bütün bildiklərimi paylaşmaq. İnşallah bir gün, bunun da olacağına inanıram!

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı