Məscidə yığışan 100-lərlə dindar ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər
Lənkəranda dindarların kütləvi etiraz aksiyası keçirilib. Modern.az-ın məlumatına görə, şəhərin “Qalayçılar” məscidinə yığışan və ABŞ-da istehsal olunmuş “Müsəlmanların məsumluğu” filminə etiraz edən 100-lərlə dindar Amerika əleyhinə şüarlar səsləndiriblər.
Aksiyanın icazəli olduğu bildirilir. Çıxış edənlər “Lənkəran ictimaiyyətinin, ağsaqqalarının” nümayəndələri adından filmi pisləyiblər. Dindarların müəyyən qrupları “Allahu əkbər!” təkbirləri səsləndirsələr də, aksiyanın təşkilatçıları toplaşanları təmkinli olmağa çağırıblar.
Mikrofonla çıxış edən natiqlər islam peyğəmbərinin təhqir edilməsini pisləyiblər və bunun üçün məsuliyyəti olanların cəzalandırılmasını tələb ediblər. Məscidin ətrafında xeyli polis olsa da, aksiyaya müdaxilə olunmayıb.
Aksiyanın sonunda qətnamə qəbul olunub. Məscidə yığışan dindarlar özləri ilə islam dininin rəngi olan yaşıl bayraqlar gətiriblər və ABŞ, İsrail əleyhinə şüarlar səsləndiriblər.
Modern.az