Modern.az

"Ramil Səfərovla bağlı qətnamə faktları saxtalaşdırır" - MÜSAHİBƏ

"Ramil Səfərovla bağlı qətnamə faktları saxtalaşdırır" - MÜSAHİBƏ

Ölkə

19 Sentyabr 2012, 13:57

Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş üzrə şöbəsini müdiri Fuad Ələsgərov Milli Ordunun zabiti Ramil Səfərovun azadlığa buraxılmasından sonra Avropa Parlamentində qəbul edilən qətnaməyə münasibət bildirib. Modern.az saytı onun müsahibəsini təqdim edir.

- Bir neçə gün bundan əvvəl Avropa Parlamenti Ramil Səfərovun təhvil verilməsi və azad olunması məsələsi ilə bağlı qətnamə qəbul edib. Həmin qətnaməyə görə, Avropa Parlamenti Ramil Səfərovun əfv olunmasına Macarıstan hakimiyyətinin onun yalnız 25 il cəza çəkməsindən sonra azad oluna biləcəyinə dair verdiyi diplomatik təminatın pozulması kimi baxır. Bununla yanaşı, qətnamədə həmin təminatın Macarıstan tərəfinə verildiyi Azərbaycan ədliyyə naziri müavininin məktubuna istinad edilir. Siz bu - kifayət qədər ciddi ittihamı necə şərh edərdiniz?

- Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, qətnamədə xatırladılan məktub Avropa Parlamentində səsvermə ərəfəsində yayılıb. Bununla yanaşı, Macarıstan tərəfinin sorğusuna cavab olan məktub yayılmayıb, yəni Azərbaycan tərəfinin cavabı, sadəcə, mətndən çıxarılıb. Вununla əlaqədar, məhkumların təhvil verilməsi haqqında Konvensiyanın bəzi tələblərinin ətraflı izah edilməsi lazımdır. Azərbaycanın və Macarıstanın müvafiq dövlət orqanları arasında yazışma, eləcə də göstərilən məktub bu Konvensiya ilə əlaqədardır.
Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, məhkumun verildiyi dövlət hökmün icrasını iki üsulla həyata keçirə bilər: o, xarici dövlətin məhkəməsi tərəfindən çıxarılan hökmün icrasını davam etdirə və ya məhkəmə proseduru vasitəsi ilə bu hökmü dəyişdirə bilər, yəni, daha sadə danışsaq, o yeni hökm çıxarda bilər, amma bu zaman xarici məhkəmə tərəfindən müəyyən edilmiş faktları və həmin hökmlə təyin edilmiş cəzanın növünü nəzərə almalıdır.
9-cu maddənin 2-ci bəndinə uyğun olaraq, məhkumun verildiyi dövlətə hökm çıxarılan dövlətdən bu barədə müvafiq sorğu daxil olarsa, o, göstərilən prosedurlardan hansını tətbiq etmək niyyətində olduğunu bildirməlidir. AP-nin qətnaməsində sözügedən məktubda məhz belə sorğuya göndərilən cavabdan danışılır. Macarıstan tərəfinin sorğusunda Ramil Səfərovun Azərbaycana təhvil verilməsi ilə əlaqədar iki prosedurdan hansının tətbiq ediləcəyi barədə xəbərdarlıq edilməsi xahiş olunur. Hökmün dəyişdirilməsini nəzərdə tutan prosedurun tətbiq ediləcəyi halda sorğuda ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş şəxslərin şərti olaraq vaxtından əvvəl azad olmasına dair Azərbaycan qanunvericiliyinin müddəaları haqqında Macarıstan tərəfinə məlumat verilməsi xahiş edilirdi. Bu, onunla əlaqədar idi ki, Macarıstan məhkəməsinin çıxardığı hökmdə Ramil Səfərovun şərti olaraq vaxtından əvvəl azad edilməsi məsələsinə yalnız 30 il cəza çəkməsindən sonra məhkəmədə baxıla biləcəyi göstərilirdi.
Ədliyyə Nazirliyinin göndərdiyi cavab məktubunda Macarıstan tərəfi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 57.3-cü maddəsinin tələbləri barədə məlumatlandırılır. Həmin maddəyə görə, ömürlük həbsə məhkum edilmiş şəxs yalnız 25 il cəza çəkdikdən sonra şərti olaraq azadlığa buraxıla bilər. Bununla yanaşı, cavab məktubunda Azərbaycan tərəfinin hökmü dəyişdirən proseduru tətbiq etməyə hazırlaşmadığı bildirilir.
Beləliklə, Azərbaycan tərəfinin cavab məktubunda Ramil Səfərovun yalnız 25 il cəza çəkdikdən sonra şərti olaraq vaxtından əvvəl azad olunacağı barədə heç bir "diplomatik təminat" yoxdur. Söhbət yalnız milli qanunvericilik normaları, həm də hətta Azərbaycanın seçdiyi prosedur çərçivəsində tətbiq edilməsi nəzərdə tutulmayan normalardan gedir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, Ramil Səfərov Azərbaycan Respublikası Prezidentinin əfv fərmanı ilə azad olunub. Əfv və şərti azadlığa buraxılma müxtəlif hüquqi mexanizmlərdir. Macarıstan məhkəməsinin Ramil Səfərovun 30 il cəza çəkənədək şərti azadlığa buraxılmasına tətbiq etdiyi qadağanı heç bir şəkildə onun əfv olunması imkanına şamil etmək olmaz. Ona görə də, bir daha təkrarlamaq istəyirəm ki, Ramil Səfərovun təhvil verilməsi və əfv olunması qüsursuz həyata keçirilib.

- Qətnamənin mətnində bütün əsassızlığına baxmayaraq göstərilən "diplomatik təminatın pozulması" ittihamının yer almasına səbəb nə ola bilər?

- Qətnamədə belə saxtalaşdırılmış faktların göstərilməsinin səbəblərindən biri AP deputatlarının məsələnin hüquqi və başqa nüanslarından xəbərsizlikləri ola bilər. Ya da faktlar müəyyən siyasi məqsədlərin əldə olunması üçün saxtalaşdırıla bilər. Hər iki halda bu cür vəziyyət Avropa Parlamentinin nüfuzunun artmasına heç bir təsir göstərə bilməz. Axı o, faktiki olaraq rəsmi sənəd vasitəsilə beynəlxalq ictimaiyyəti çaşdırır. Ona görə də, AP-dəki bəzi nüfuzlu siyasi qrupların obyektivlikdən bu qədər uzaq olan sənədi dəstəkləməkdən imtina etməsi qətiyyən təəccüblü deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı