Son bir ayda gün ərzində qızılın qiymətində kəskin artım müşahidə olunur. Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, bir unsiya (31 qram) qızılın qiyməti 1394 manat təşkil edib. Bir ay bundan öncə qızılın bir unsiyası 1126 manata ( 1 qram – 44,9 manat) bərabər olub.
Qızıl alış-satışı ilə məşğul olanların dililə desək, qızılın “qızıl dövrü” başlayıb.
Paytaxtın iri qızıl satışı obyektlərindən sayılan Mərkəzi Univermaqda qızılın qiymətində nəzərə çarpacaq artım hiss olunur. Belə ki, bir ay bundan öncə 750 əyarlı İtaliya qızılı 39-40, 585 əyarlı türk qızılı – 33-35, 583 əyarlı rus qızılı – 26 manata satılırdı.
Satıcılarla söhbət zamanı öyrəndik ki, qızılın qiyməti son bir necə gündə nə az, nə çox, düz 3-5 manat civarında bahalaşıb. Hələ bu ayın əvvəlində İtaliya qızılı modelindən asılı olaraq 30-40, rus qızılı isə 25-26 manata satılırdı. Hazırda isə 750 əyarlıq İtaliya qızılının qiyməti 44-50, Türkiyə istehsalı olan 585 əyarlı qızılın bir qramı 36-38 manata almaq olar. 583 əyarlı rus qızlı isə 28-30 manata qədər bahalaşıb.
Univermaqda qızıl satışı ilə məşğul olanlar qızılın qiymətində kəskin bahalaşmanı dünya bazarında “sarı metal”ın qiymətindəki artımla izah edirlər. Satıcılar qızılın qiymətinin artmasına baxmayaraq, alverin o qədər də zəif getmədiyini söylədilər: “Ümumiyyətlə, bir aydır ki, qızıla tələbat artıb. Bu, toy mövsümünün başlanması ilə əlaqədardır. Hər kəs istəyir ki, Məhərrəm ayı girənədək toy etsin. Ona görə də nişan üzükləri, boyunbağı, bilərzik və üzük-sırğa dəstinə tələbat artıb”.
Zərgərlər isə bahalaşmanı müqəddəs Həcc ziyarətinin başlanması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, qızıl idxalatçıları əsasən ərəb ölkələri olduğundan ordakı bahalaşma dünya bazarına da təsirsiz ötüşməyib. Təbii ki, dünya bazarındakı bahalaşma Azərbaycandan da yan keçməyib.
Onu da qeyd edək ki, qızılın qiymətinin kəllə-çarxa çıxması bazarda saxta qızılın da çəkisini artırıb. Satıcılar bildirdilər ki, alıcılar əldən qızıl alanda çox ehtiyatlı tərpənməlidirlər: “Əgər bilmək istəyirlərsə qızıl təmiz qızıldır ya saxta, mütləq onu daşa sürtsünlər. Sonra “qızıl yağı” deyilən yağ var, ondan həmin daşın üzərinə əlavə etsinlər. Əgər qızılın sürtüldüyü yer yağda qaralırsa, deməli qızıl saxtadır”.
Univermaqda olarkən satıcılardan biri bizə bildirdi ki, hazırda ən çox bijuteriyalar saxta qızıla çevrilir. Amma qızılın saxtalığını yoxlamağın ən asan çıxış yolu qızıla vurulan əyardır. Əgər qızıla əyar vurulubsa, bu, o deməkdir ki, həmin qızıl yoxlanılıb”.
Gültəkin Ələsgər