1985-ci ildə baş vermiş bir qalmaqal, yəqin ki, çoxlarının yadından çıxıb. Bu qalmaqal xaricdə özünə siyasi sığınacaq istəmiş keçmiş sovet DTK-sının zabiti Oleq Qordiyevski ilə bağlı idi. Dövlət Təhlükəsizlik sistemində 21 il qulluq etmiş casus ordiyevski ingilis kəşfiyyatını 11 il ərzində gərəkli məlumatlarla təmin eləmişdi. Qaçışınından sonra O.Qordiyevski qiyabi olaraq ölümə məhkum edildi. Çuğulçu isə “DTK: daxili tarix” adlı kitabı və Britaniya kraliçasından aldığı ordenlə şöhrətləndi.
O.Qordiyevskinin Azərbaycanla bağları haqqında bu gün də geniş bilgi yoxdur. Amma fakt budur ki, keçmiş DTK polkovnikinin arvadı azərbaycanlı Leyla (Liya) Əliyeva-Qordiyevskayadır. Gəlin onu yaxından tanıyaq:
Leyla Əlihüseyn qızı Əliyeva (Qordiyevskaya). Təvəllüdü: 21.11.1949. Doğulduğu yer: Moskva şəhəri. Texniki-peşə məktəbini bitirib və stenoqrafçı-makinaçı ixtisasına yiyələnib.
“Moskovski komsomolets” qəzetində işlədikdən sonra Danimarkada, Dünya Səhiyyə Təşkilatının ofisində çalışıb. L.Əliyevanın DTK zabiti O.Qordiyevski ilə tanışlığı da elə o dövrdə baş verib və 1979-cu ildə onlar Moskvada ailə qurub.
Ərinin qaçışınından sonra, 1986-cı ildə iki qız (Maşa və Anya) anası olan Leyla Əliyeva boşanıb. 1991-ci ilin avqust qiyamına qədər L.Əliyeva daimi nəzarət şəraitində yaşayıb. Həmin ilin avqustunda SSRİ DTK-nın sədri Bakatin onu nəzarətdən azad edir. Bundan sonra L.Əliyeva müvəqqəti olaraq Azərbaycana, Şəkiyə gəlib və iki ay atasının evində yaşayıb.
Əlihüseyn Əliyev – DTK zabiti və Leyla Əliyevanın atasıdır, Əli və Arif adlı iki oğula sahibdir. Onun haqqında çox qısa bilgilər var. Sonuncu dəfə 1993-cü ildə Azərbaycana səfər etdiyi haqda bilgilər var. O, DTK məktəbində Heydər Əliyev və İlhüseyn Hüseynovla birgə oxuyub. İ.Stalin və N.Xruşşov haqqında memuarların müəllifidir.
L.Əliyevaya gəlincə, o, sonralar keçmiş əri ilə heç vaxt bir araya gəlməyib. Böyük qızı Maşa 2003-cü ildə İngiltərədki “St Catherine's School”u bitirib, kiçik qız Anya St Anne's College-də təhsil alıb.

Fotoda: Leyla Əliyevanın qızları Maşa və Anya
M.Əzizoğlu