
Bu həftə ilə digər həftənin yol qəzalarını müqayisə etdikdə, qəzaların və ölüm faktalrının sayı aşağı düşüb. Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. V.Əsədov hadisələrin baş verdiyini, amma hadisələrin sayında artım olmadığını bildirib.
“Avtomobil, sürücü, yol və hərəkət iştirakçısı varsa, hadisə qaçılmazdır. Amma hadisələri minimuma endirmək üçün cəmiyyətimizin hər bir üzvü öz fəallığını artırmalı və sürücülər yollarda nizam və intizamlı olmalıdır. Son bir həftə ərzində Bakı şəhəri üzrə 22 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 6 nəfər ölüb, 40 nəfər isə xəsarət alıb. Son bir həftə ərzində bu hadisələrin baş verməsinə əsas səbəb avtomobillərin yüksək sürətlə idarə olunmasıdır. Təyin olunmayan yerdən keçən piyadaların avtomobillərlə vurulması, yol ayrıclarını keçmə qaydalarının pozulması, ötmə və manevr etmə, əks istiqamətli yol zolağına daxil olma sonrakı yerlərdə gəlir”.
Şöbə rəisi ölüm hadisələrinin daha çox hansı ərazidə baş verdiyini açıqlayıb.
“Yol qəzaları daha çox sürət həddinin aşılması olan prospektlərdə baş verir. Bunlar Babək, Nobel və Tbilisi prospektləridir. Qəzalar əsasən şənbə və bazar günləri, gecənin qaranlıq vaxtı qeydə alınır. Saat 18:00-dan 24:00-qədər baş verən yol nəqliyyat hadisələri daha çoxdur”.
Anar Kəlbiyev