Modern.az

İsa Qəmbər: “Nigar Yaqublunu həbs etdirənin kim olduğunu bilirik”

İsa Qəmbər: “Nigar Yaqublunu həbs etdirənin kim olduğunu bilirik”

Ölkə

25 Sentyabr 2012, 15:51


Bu gün Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun hüquqlarını müdafiəsi komitəsi təsis olunub. Partiyadan Modern.az-a verilən məlumata görə, təsis toplantısı Müsavat Partiyasının qərargahında baş tutub. Toplantıda ölkənin tanınmış ictimai-siyasi xadimləri iştirak ediblər. Mərasimi Müsavat Partiyasının başqanı İsa Qəmbər açıb.
Müsavat başqanı N.Yaqublunun həbsinin cəmiyyətdə şok effekti yaratdığını bildirib.

İ.Qəmbər həmçinin qeyd edib ki, ölkənin tanınmış vəkilləri öz təşəbbüsləri il N.Yaqublunun hüquqlarını müdafiə etməyə qoşuldular:

”Cəmiyyətin müxtəlif kəsimləri Nigar xanımın həbsinə etirazlarını bildirdi. Bu proses gündən-günə güclənir. Müəyyən düşüncə var idi ki, hakimiyyət Nigar Yaqublunun həbsi kimi yanlışlığı aradan götürəcək. Amma bir çox əlamətlər hakimiyyətin bunu etmək niyyətində olmadığını göstərdi. Ona görə də cəmiyyətin müxtəlif kəsimləri ilə məsləhətləşərək Nigar Yaqublunun hüquqlarını müdafiə etmək məqsədilə müdafiə komitəsi yaratmaq qərarına gəldik. Müdafiə komitəsində təmsil olunmaq istəyənlərin sayı-hesabı yoxdur. Burda iştirak etməyən şəxslər də müdafiə komitəsinin işində iştirak etmək niyyətində olduqlarını bildiriblər. Eldar Namazovun, Gültəkin Hacıbəylinin müdafiə komitəsində təmsil olunmaq istəyini mənə xəbər verdilər. Qərara gəldik ki, müdafiə komitəsinin işini daha güclü qurmaq üçün cəmiyyətin müxtəlif kəsimlərindən ibarət heyət müəyyənləşdirək.  Müdafiə komitəsinə rəhbəri dəyərli yazarımız Mehriban Vəzir təyin edilib. Müdafiə komitəsinin işinin hüquqi tərəfi üçün Vaqif Hacıbəylini sədr müavini kimi köməyindən istifadə edəcəyik. Gənclərimiz beynəlxalq əlaqələrlə bağlı yaxşı fəaliyyət göstərirlər”

Qeyd edək ki, tanınmış ekspert Leyla Əliyeva komitənin beynəlxalq məsələlərlə bağlı işində sədr müavini  kimi fəaliyyət göstərəcək. Komitənin işində gənclərin də fəaliyyətini sistemləşdirilməsi üçün Tural  Abbaslı da müavin kimi çalışacaq.

İ.Qəmbər qeyd edib ki, hakimiyyət N.Yaqublunu həbs etməklə kobud səhvə yol verib:

“Onun həbsi  cəmiyyətdə mənfi nəticələr doğuracaq. İstərdik ki, hakimiyyət bu inadkarlığından əl çəksin və bir an öncə düzgün qərarlar qəbul etsin, təsadüfi qəzadan siyasi rəqiblərinə qarşı qisas üçün istifadə etməsin.  Bu çox pis presedentdir. Hakimiyyət nümayəndələrinin bu məsələdə çaşqınlıq keçirdiyi göz qabağındadır. Görünür hakimiyyətin içində kifayət qədər təsir imkanları olan “əl” məsələnin bu şəkildə davam etməsini təmin edə bilir. Bu “əl”in kimliyi  və nə səbəbə bunu etdiyinə dair təsəvvürlərimiz var. Amma hakimiyyətin digər nümayəndələri də düşünüb – daşınmalıdırlar. Bu qarşıdurmadan cəmiyyət kimi, hakimiyyət də xeyir görməyib. Hakimiyyət bu “əl”i dayandırmalı, bu ”əl” in məsələlərə mənfi təsirini aradan qaldırmalıdır. Bizim mövqeyimiz budur. Məsələyə səbirli yanaşmamız heç kimdə tərəddüd yaratmamalıdır. Bizim mövqeyimiz prinsipialdır və hesab edirik ki, bu məsələ mümkün qədər tez həll olunmalıdır. Həll olunmasa, cəmiyyətlə qarşıdurmanın qaçılmaz olduğunu hər kəs başa düşür”.

Daha sonra  müdafiə komitəsinin sədri M.Vəzir, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılı, İctimai Palatanın  Koordinasiya Şurasının üzvü Pənah Hüseyn, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, AXCP sədrinin müavini Gözəl Bayramlı, Müsavat Partiyasının Qadınlar Şurasının sədri Vəfa Cümşüdlü, Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli, Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Samir Kazımlı və keçmiş vicdan məhbusu Bəxtiyar Hacıyev çıxış ediblər.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı