Son bir həftədə paytaxtda yumurtanın qiymətində bahalaşma müşahidə olunur. Modern.az-ın məlumatına görə, bir həftə öncə 6 qəpiyə satılan yumurtanın qiyməti 3-4 qəpik bahalaşaraq 9-10 qəpik olub.
Alıcılar deyir ki, qiymət artımı qısa müddətdə baş verib. Pərakəndə satış məntəqələrində satıcılar da yumurtanın qiymətində bahalaşma olduğunu etiraf edirlər. Onların dediyinə görə, son bir həftədə yumurtanın alış qiymətində 3-4 qəpik artım var. Əvvəllər olduğu kimi, indi də onlar məhsulun qiymətinin üstünə 3-4 qəpik qoyub satırlar. İki ildir quşçuluq məhsullarının satışı ilə məşğul olan Tariyel Ələkbərovun dediyinə görə, qiymət bahalaşması mövsümlə əlaqədar deyil, yumurtanın xaricə ixrac olunması ilə bağlıdır:
“Əvvəllər xaricə quşçuluq məhsulları ixrac etmirdik. Ona görə də qiymətlər stabil idi. İndi isə xaricə yumurta satışı olduğundan yerli bazarda qiymətlər bahalaşıb”.
Maraqlıdır ki, ölkədə fəaliyyət göstərən quşçuluq fabriklərindən istehsal qiymətlərinin artmadığını bildiriblər.
Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, əvvəllər olduğu kimi, fabriklərdə yumurtanın istehsalı 8-9 qəpiyə başa gəlir. Onun dediynə görə, indi müəssisələr tam gücü ilə işləyir və məhsul qıtlığından söhbət gedə bilməz. Yumurtanın xaricə ixrac olunduğunu etiraf edən A.Vəliyev onu da bildirib ki, yumurta xaricə 5-6 qəpiyə göndərilir:
“Təbii ki, yumurta daxili bazarın tələbatını ödəyəndən sonra, artıq qalan yumurta xaricə göndərilir. Məsələn, xaricə ixrac olunan yumurta 5-6 qəpiyə satılırsa, daxili bazarda 7-8 qəpiyə satılır. Onun sözlərinə görə, əslində sahibkarları bu sahəyə maraqlandırmaq üçün bazarda yumurtanın normal qiyməti 12-13 qəpik olmalıdır. Fabrik satış qiymətindən 4-5 qəpik bahaya satmalıdır ki, heç olmazsa maya dəyərini çıxara bilsin”.
Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov isə yumurtanın qiymətindəki bahalaşmanın mövsümlə əlaqədar olduğunu deyir. Onun sözlərinə görə, yay aylarında bir toyuq orta hesabla 18-20 yumurta verirsə, oktyabr ayında bu say 5-6-ya enir. Yumurta az olduğundan qiymətin də artması normaldır. Şöbə müdiri onu da qeyd edib ki, yumurta bu il Ukraynadan idxal olunurdu.
Həm yerli, həm də idxal hesabına bazarda bolluq olduğuna görə, qiymətlər ucuz idi. Amma mövsümlə əlaqədar istehsal azaldığından qiymətlərdə bahalaşma baş verib.
Məlumat üçün bildirək ki, hər il Azərbaycanda 1 milyard ədəd yumurta yeyilir. Ölkənin yumurtaya olan tələbatının 90 faizə qədəri yerli istesal hesabına ödənilir.
Məsələ ilə bağlı İqtiadi İnkişaf Nazirliyi də rəsmi mövqe bildirəcək.
Gültəkin Ələsgər