Modern.az

Vergilər Nazirliyi “Sədərək” Ticarət Mərkəzindəki vergi ödəyiciləri barədə məlumat açıqladı

Vergilər Nazirliyi “Sədərək” Ticarət Mərkəzindəki vergi ödəyiciləri barədə məlumat açıqladı

Ölkə

26 Sentyabr 2012, 10:09

2012-ci ilin ötən dövrü ərzində 11427 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu müəyyən edilərək müvafiq sanksiyalar tətbiq olunub. Bu barədə Vergilər Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikası ərazisində yerləşən və fəaliyyətdə olan ticarət obyektlərində əhali ilə nağd pul hesablaşmalarının aparılmasında nəzarət-kassa aparatları tətbiq olunub. Bununla belə, bir sıra iri ticarət mərkəzlərində kassa aparatlarının qurulması ilə bağlı proses davam etdirilir.

Belə ki, vergilər nazirinin müvafiq əmrinə əsasən, 2011-ci ildə “Sədərək” və “ArazAvia” firmalarına məxsus iri ticarət obyektlərində fəaliyyət göstərən vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin (obyektlərinin) vergi uçotuna alınması məqsədilə stasionar məntəqələr yaradılıb. Həmin məntəqələrdə sahibkarların uzaq məsafə qət etmədən vergi uçotuna durmaq haqqında ərizələrinin onlayn rejimdə qeydiyyatı aparılır, bir gün ərzində onlara VÖEN şəhadətnaməsi təqdim edilir.

Hər iki ticarət mərkəzində stasionar məntəqələr fəaliyyətə başladığı vaxtdan bu günə kimi ümumilikdə 7265 vergi ödəyicisi və 10724 təsərrüfat subyekti (obyekti) vergi uçotuna alınıb.
Onlardan 4653 vergi ödəyicisi və 6716 təsərrüfat subyekti (obyekti) “Sədərək”, 2612 vergi ödəyicisi və 4008 obyekt isə “ArazAvia” ticarət mərkəzlərində qeydiyyata alınıb.

Nazirlikdən onu da bildiriblər ki, külli miqdarda dövriyyəyə malik iri ticarət mərkəzlərində nağd pul dövriyyəsinə vergi nəzarətinin daha da gücləndirilməsi məqsədilə cari ilin fevral ayından nəzarət-kassa aparatlarının quraşdırılmasına başlanıb. İri ticarət mərkəzlərində indiyə qədər ümumilikdə 5646 vergi ödəyicisinə məxsus 6667 obyektdə 6780 aparat  quraşdırılıb. “Sədərək” ticarət mərkəzində 3500 vergi ödəyicisinə məxsus 4156 obyektdə 4247 nəzarət-kassa aparatı, “ArazAvia” ticarət mərkəzində isə 2146 vergi ödəyicisinin 2511 obyektində 2533 nəzarət-kassa aparatı qeydiyyata alınıb.

  Gültəkin Ələsgər  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı