Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən bir sıra xidmətlər həyata keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Agentliyin sədri İnam Kərimov bildirib. Onun sözlərinə görə, həmin xidmətlər aşağıdakılardır:
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğumun qeydə alınması, ölümün qeydə alınması, nikahın qeydə alınması, nikahın pozulmasının qeydə alınması, övladlığa götürmənin qeydə alınması, atalığın müəyyən edilməsinin qeydə alınması, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi, notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov onu da bildirib ki, tezliklə Azərbaycanda fəaliyyət göstərəcək ASAN-Xidmət mərkəzləri özündə 9 dövlət qurumunun 23 xidmətini özündə birləşdirəcək.
O qeyd edib ki, adı çəkilən mərkəzlərin fəaliyyətinin şəffaflığının qorunması əsas şərtlərdən biri olacaq:
“Vətəndaş artıq bir-birindən kilometrlərlə aralı olan dövlət orqanlarına bir bina içərisində baş vura biləcək. Vətəndaşlar mərkəzdə olan informasiya köşkünə yaxınlaşacaq və oradan istənilən dövlət orqanına müraciət etməyi, növbəyə yazılmağı həyata keçirəcək”.
İ.Kərimov deyib ki, ASAN-Xidmət mərkəzlərində vətəndaşla dövlət qulluqçusu arasında heç bir ödəniş həyata keçirilməyəcək və bütün ödənişlər elektron qaydada bank vasitəsilə ödəniləcək. Mərkəzlər həftənin bütün günləri (istirahət günləri də daxil olmaqla) fasiləsiz, saat 20.00-dək fəaliyyət göstərəcək.
Mail Ağaxanov