Modern.az

KXCP-də “qiyamçılar”ın qovulmasına hazırlıq gedir

KXCP-də “qiyamçılar”ın qovulmasına hazırlıq gedir

Ölkə

27 Sentyabr 2012, 14:19

“Mirmahmud bəy Bakıdadır, ölkədən kənara çıxmayıb”

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyub partiya sədri Mirmahmud Mirəlioğlunun Azərbaycandan getməsi haqda mətbuatda yayılan xəbərlərə münasibət bildirib. X.Teyyub Modern.az-a açıqlamasında bildirib ki, Mirmahmud Mirəlioğlu hazırda Bakıdadır və ölkədən kənara çıxmayıb.

“Mirmahmud bəy hazırda Bakıdadır. Mətbuatda müxtəlif məlumatlar yayılır ki, Mirmahmud bəy Moskvadadır, ölkədən gedib. Qeyd edim ki, KXCP sədri məzuniyyətə çıxdığı gündən bu günə kimi bir dəfə də olsa, ölkədən kənara çıxmayıb. Sadəcə olaraq o, hazırda istirahətdədir. Mirmahmud bəyin məzuniyyəti oktyabrın 5-də başa çatacaq. Və bundan sonra o, yenidən fəaliyyətini davam etdirəcək. Haqqımızda müxtəlif şayiələr yayılsa da, bunlar həqiqəti əks etdirmir”.

KXCP rəsmisi bildirib ki, son günlər partiya daxilində baş verən fikir ayrılıqları ilə bağlı Mirmahmud Mirəlioğlu yekun qərarını işə çıxandan sonra bildirəcək:

“Hesab edirəm ki, Mirmahmud Mirəlioğluna qarşı sədr müavinlərinin fraksiya yaratmasının heç bir əhəmiyyəti yoxdur. Onlar sədrin tabeliyində olan insanlardırlar. Təbii ki, Mirmahmud bəy işə çıxandan sonra bu haqda öz qərarını bildirəcək. Yaxın günlərdə partiyanın Ali Məclisinin yığıncağı keçiriləcək. Qeyd edim ki, sonda Mirmahmud bəy baş verən hadisələrlə bağlı yekun qərarını verəcək”, - deyə X.Teyyub vurğulayıb.

Qeyd edək ki, KXCP sədri Mirmahmud Mirəlioğlunun fəaliyyətinə etiraz edən sədr müavinləri Fikrət Cəfərov, Rüfət Sahiboğlu, eləcə də İdarə Heyətinin üzvləri Ədalət Yusibov və Rafiq Abdullalı Qaya Əliyevin birləşmə təklifini qəbul edərək partiya daxilində yeni fraksiya yaradıblar. Mətbuatda yayılan məlumatlara görə, fraksiyanın əsas məqsədi Mirmahmud Mirəlioğlunun istefa etməsidir.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı