Modern.az

İctimai Palatanın “parlament buraxılsın” tələbinə YAP-çılardan cavab

İctimai Palatanın “parlament buraxılsın” tələbinə YAP-çılardan cavab

Ölkə

27 Sentyabr 2012, 15:26

“Onlar gedib öz problemləri ilə məşğul olsunlar” 

Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri İctimai Palatanın deputat Gülər Əhmədova ilə bağlı verdiyi bəyanata münasibət bildiriblər. YAP-çı deputatlar İctimai Palatanın parlamentin buraxılması haqda verdiyi bəyanatın yolverilməz olduğunu qeyd edərək onları müxalif qüvvələri öz nöqsanlarını axtarmağa çağırıblar.

Hakim Partiyadan olan millət vəkili Məlahət İbrahimqızı müxalifəti populizmlə məşğul olmaqda ittiham edib:

“İctimai Palata öz mövcudluğunu göstərmək üçün hüquqi əsası olmadan müxtəlif bəyanatlar yaymaqla məşğuldur. Onlar ictimaiyyəti inandırmaq istəyir ki, guya belə bir palata var. Əslində İctimai Palatada kifayət qədər problemlər mövcuddur. Getsinlər öz problemləri ilə məşğul olsunlar. Onların belə bəyanatlar verməyə haqları yoxdur. İstənilən  bir məsələyə obyektiv yanaşmaq lazımdır. Əks təqdirdə,  hesab edirəm ki, özünü İctimai Palata adlandıran qurumun bu bəyanatları populizmdən başqa bir şey deyil”.

YAP-dan olan digər deputat Aydın Mirzəzadə hesab edir ki, İctimai Palatanın qəbul etdiyi bəyanat qanunaziddir.

“Parlament kiminsə çağırışı ilə deyil, müddəti başa çatdıqdan sonra öz fəaliyyətini başa vuracaq. Hesab edirəm ki, İctimai Palata nümayəndələrinin Konstitusiyadan xəbəri yoxdur. Onların bu bəyanatı, çağırışları qanunauyğun deyil”, - deyə A.Mirzəzadə vurğulayıb.

Qeyd edək ki, millət vəkili Gülər Əhmədova ilə bağlı yaranan qalmaqala bəyanatla cavab verən İctimai Palata Milli Məclisin buraxılmasını təklif edib.

 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı