“Fakt öz təsdiqini taparsa, Gülər Əhmədovanı 7 ildən 12 ilədək həbs gözləyir”. Bu fikirləri hüquqşünas Namizəd Səfərov Baş Prokurorluğun deputat Gülər Əhmədova ətrafında yaranan videoqalmaqalla bağlı qaldırdığı cinayət işini Modern.az-a şərh edərkən bildirib.
Hüquqşünasın sözlərinə görə, Baş Prokurorluğun açdığı cinayət işi birbaşa Gülər Əhmədovaya şamil edilib.
“Bu məsələ birabaşa Gülər Əhmədova ilə bağlı qaldırılan cinayət işidir. Lakin Baş Prokurorluğun açdığı cinayət işi Gülər Əhmədovaya qarşı Elşad Abdullayevin irəli sürdüyü rüşvət iddiasını əks etdirmir. Videogörüntüdə olduğu kimi, bu, birbaşa rüşvət faktıdır. Hesab edirəm ki, Baş Prokurorluğun açdığı cinayət işi birbaşa Gülər Əhmədovanın işinin yüngülləşdirməsinə xidmət edir. Qanunla deputata qarşı rüşvət alma maddəsi ilə cinayət işi açılmalıdır. Onunla bağlı açılan cinayət işi düzgün deyil”, - deyə N.Səfərov bildirib.
Hüquqşünas həmçinin vurğulayıb ki, açılan cinayət işi rüşvət faktında iştirak edən vasitəçi Sevinc Babayevaya da şamil ediləcək.
“Fakt öz təsdiqini taparsa, Gülər Əhmədovanı əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək həbs qəti-imkan tədbiri gözləyir”.
Qeyd edək ki, Respublika Prokurorluğu deputat Gülər Əhmədova ilə bağlı yayılmış videoqalmaqal barədə rəsmi açıqlama yayıb. Bildirilib ki, qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar RÜSTƏMOV