Modern.az

Gülər Əhmədovanın seçiciləri danışdı: “Deputat rüşvət alırsa vay halımıza” - REPORTAJ

Gülər Əhmədovanın seçiciləri danışdı: “Deputat rüşvət alırsa vay halımıza”  - REPORTAJ

Ölkə

29 Sentyabr 2012, 14:49

Məlum video qalmaqaldan sonra 34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Gülər Əhmədova mandatının ləğv olunması üçün ərizə ilə Milli Məclis rəhbərliyinə müraciət etdi. Bundan başqa ABU-nun keçmiş rektoru Elşad Abdullayevin sosial şəbəkə vasitəsilə yayımladığı video cəmiyyətdə geniş rezonans doğurdu. Bunu nəzərə alaraq onun deputat seçildiyi ərazidə olduq. Modern.az-ın əməkdaşları 34 saylı Xətai ikinci seçki dairəsinin ətrafında yaşayan sakinlərdən bu qalmaqallı video ilə bağlı münasibət öyrənib.

İlk qarşımıza çıxan şəxs Sərdar Bağırov adlı şəxs oldu. Onların yaşadığı ərazidən deputat seçilən Gülər Əhmədova ətrafında baş verən hadisələrdən xəbərdar olduğunu dedi. S.Bağırov bildirdi ki, deputat heç bir zaman seçildiyi əraziyə gəlməyib. Vətəndaş bu məsələdən çox təəssüfləndiyini bildirdi:

“Açıq deyirəm ki, heç onu burada görməmişəm. Deputatın özü rüşvət alırsa, sadə vətəndaşların halına kim yanacaq. Ona görə, seçkilərdə iştirak etmirəm”.

Daha sonra ərazidə yaşayan iki orta yaşlı nümayəndəsinə rast gəldik. Onlarda bu məsələdən xəbərdar olduqlarını dedilər. Etibar Vəliyev məlum qalmaqaldan sonra Gülər Əhmədovanın onların ərazisindən deputat seçildiyini bilib:

“Həyətdə uşaqlar bu məsələni mənə dedilər. Sonra özüm ona baxdım. Bu qalmaqallı videodan sonra bildim ki, Gülər Əhmədova bizim ərazidən deputat seçilib. Seçkilərdə iştirak etmədiyim üçün kimin deputat oldğunu da bilmirəm. Çünki deputat seçiləndən sonra heç buralara baş çəkmir. O qədər dərdimiz var ki, deyə bilmirik”.

Digər ərazi sakini Elxan Nəbiyev deputatın sakinlərlə görüşündə iştirak etdiyini və ona səs verdiyini deyib. E.Nəbiyev seçkilərin həmin ərazidə yerləşən 249 saylı orta məktəbdə keçirildiyini bildirib.

“Amma indi gedin məktəbə baxın ki, nə gündədir. Deputat seçkilərində ona həmin məktəbdə səs verilib. Bir dəfə də olsun məktəbin aqibəti ilə maraqlanmayıb. Ərazimizdə xeyli problemlər var. Ümumiyyətlə dövlət adamının korrupsiyaya yol verməsi bağışlanan deyil. Onun etdiyi əməl bu xalqa qarşı saymamazlıqdır”.

Həmin ərazidə yaşan xanımdan həmcinsinin atdığı addımla bağlı münasibət öyrənmək istədik. O bu haqda fikir bildirmək istəmədiyini dedi. Qeyd etdi ki, həyat yoldaşı 34 saylı Xətai ikinci seçki dairəsinin sədridir və bununla bağlı söz deməyə lüzum görmür. Lakin daha sonra xanım deputatın atdığı bu addıma münasibətinin pis olduğunu dedi.

“Dövlət adamı bu addımı atırsa, sadə vətəndaşlara nə demək olar?. Bu məsələyə münasibətim çox pisdir”.

 

 

Müxbir:Anar KƏLBİYEV

Foto:Elçin Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı