Mərhum şair Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin zəbt olunması məsələsinə görə Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova müraciət olunub.
Ağa Laçınlının həyat yoldaşı Mələk Əliyeva Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri kimi Ramiz Mehdiyevə sentyabr ayının 6-da da müraciət etmişdi. Müraciətdə Mələk Əliyeva onlara məxsus olan, Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi dövrdə anası Biliy Məmmədovanın adına verdiyi sərəncam əsasında zəbt olunduğunu bildirmişdi.
Modern.az-ın məlumatına görə, Ramiz Mehdiyevə növbəti müraciətində Mələk Əliyeva qeyd edib ki, ilk müraciətdən sonra Rüstəm Məmmədov və onun ailə üzvləri daha da aktivləşiblər: “Məmmədovlar ailəsi torpağımızın bizə məxsus olmasını təsdiq edən yeganə sənədi qanunsuz yolla dəyişdirmək istəyir. Belə ki, bu il sentyabrın 28-də aşkar etdik ki, Rüstəm Məmmədovun qardaşları Mübariz və Zülfüqar Məmmədovlar bizə məlum olmayan üsulla, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssislərinin vasitəsi ilə, yerində bizə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını yenidən müəyyən etməklə dəyişdirmə işlərini həyata keçirirlər”.
Mələk Əliyeva müraciətində bu qanunsuzluğa son qoyulmasını xahiş edib.
Qərib Məmmədova müraciətdə də eyni problem diqqətə çatdırılıb. Bildirilib ki, Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin döngə nöqtələrinin yerində dəqiq göstərilməsi üçün ailə sentyabrın 11-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinə müraciət edib. Sentyabrın 25-də komitənin kadastr şöbəsinin mütəxəssisi Badamdara gələrək torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını dəqiq göstərib və bəlli olub ki, mərhum şairin ailəsinə məxsus torpaq sahəsinin 8 metr 50 santimetr hissəsi Məmmədovlar ailəsinin çəkdirdiyi daş hasarla zəbt edilib. Bu faktla bağlı bir neçə media nümayəndəsinin iştirakı ilə akt tərtib olunub.
Qərib Məmmədova müraciətdə daha sonra deyilir ki, sentyabrın 28-də Səbail rayonunun sabiq icra başçısının qardaşı Zülfüqar Məmmədov və özünu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisi kimi təqdim edən Nizami adlı şəxslə Badamdara, Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinə gəliblər. Orada vəzifəsini və soyadını şairin ailə üzvlərinə bildirməkdən imtina edən Nizami adlı şəxs söyləyib ki, onu Qərib Məmmədovun köməkçisi Namiq müəllim göndərib və ona tapşırılıb ki, Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin döngə nöqtələri yenidən müəyyən edilməli, komitənin kadastrında dəyişiklik olunmalıdır.
Mərhum şairin ailəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinə müraciətində vurğulayıb ki, sözügedən torpaq sahəsi vərəsəlik hüququ əsasında onların mülkiyyətinə keçib. Bununla bağlı 2008-ci ildə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilib və artıq torpaq sahəsinin döngə nöqtələri də torpağın plan və ölçüsünə salınaraq müəyyən olunub.
Qərib Məmmədova müraciət bu sualla bitir: “Məgər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şəxsin mülkiyyətində olan və reyestr xidməti tərəfindən təsdiqlənmiş torpaq sahəsinin döngə nöqtələrinin sonradan, həmin şəxsin icazəsi olmadan dəyişdirməyə səlahiyyəti varmı?”.
Modern.az