
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər günüdür. Hər il həmin gün yaxınlaşdıqda Azərbaycan məktəblərində müəllimləri təbrik etmək üçün şagirdlərdən pul yığılır. Modern.az xəbər verir ki, bu il də bir çox məktəblərdə bu “ənənə” davam etdirilir. Məsələn, məlumatlar var ki, Bakıdakı təhsil ocaqlarında şagirdlərdən 10, 20 manat pul yığılır.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əlizıqıyla əlaqə saxladıq. Z.Əliqızı bu məsələrlə bağlı danışmaq istəmədiyini bildirdi.
“Rica edirəm bütün həmkarlarımdan, mətbuat nümayəndələrindən ki, müəllimlərimizin bayramında belə məsələlərə toxunmasınlar.
Mmən sizə bir faktı deyim. Bu gün 28 nömrəli məktəbdə 23 yaşında coğrafiya müəllimi var. Bu il imtahan verib, işə daxil olub. O səhər dərsini deyir, sonra isə fəhləlik edir. Ayın 5-i o müəllimin bayramıdır, bütün müəllimlərin bayramıdır. Heç kim kimisə nəyəsə məcbur edə bilməz. Heç bir məktəb valideyndən məcburi pul almır. Heç kim silahı kiminsə başına tutub zorla pul istəmir. Əgər kimsə könüllü şəkildə öz müəllimini təbrik etmək istəyirsə, eləsin. Bunu mətbuat şouya çevirməsin. Bu müəllimlərimizin bayramıdır. Onlar əllərindən öpülməyə layiqdirlər”.
Bakı Şəhər Təhsil İdarəsinin rəsmisi Müəllimlər günü ilə bağlı Heydər Əliyev Sarayında tədbir keçiriləcəyini bildirdi. “Bizim sabah çox böyük tədbirimiz olacaq. Tədbirin həm aparıcıları, həm iştirakçıları, həm də ifaçıları elə şagirdlərin özləridir. Ən yaxşı müəllimlərimiz, əməkdar müəllimlərimiz orada olacaq. Uşaqlarımız onları konsert proqramı ilə təbrik edəcək.
Qeyd edək ki, Beynəlxalq Müəllimlər gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Həmin vaxt bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllimlərin peşə bayramı günü kimi qeyd edilir.
Sevinc İltifatqızı