“Bələdiyyə torpaqlarının müəyyən olunması üzərində işlər getsə də işin nə vaxt tamamlanacağını deməkdə çətinlik çəkirəm”.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Modern.az-a açıqlama verərkən deyib.
O, bildirib ki, bələdiyyə torpaqlarının sərhədlərinin müəyyən olunması ciddi və çətin məsələdir. Odur ki, prosesin nə vaxt bitəcəyini demək çətindir. Millət vəkilinin sözlərinə görə, bələdiyyə ərazilərini bölməkdən əlavə, həmin ərazilərdə olan mülkiyyət formaları da müəyyənləşdirilməlidir. Ona görə də məsələnin nə vaxt bitəcəyini deməkdə çətinlik çəkirəm: “Bunun üçün ilk növbədə xüsusi, dövlət və bələdiyyə mülkiyyətləri müəyyən olunmalıdır. Kənd yerlərində bunu axıra kimi etməyiblər. Bu bölgünü aparandan sonra ən başlıca iş sərhədlərin müəyyənləşdirilməsi məsələsi qalır. Çünki o zaman bilinəcək ki, bunun sərhəddi burda qurtarır, o birisi başlayır. Bakı şəhərində isə bu qatma-qarışıqdır. Düzdür, bunun üzərində işləyirlər, amma nə vaxt tam bitəcəyini demək çətindir. Bələdiyyələrin torpaq sərhədlərinin müəyyənləşdirilməsi Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə həvalə olunub. Onlar birlikdə bu məsələni həll etməlidirlər”.
Modern.az