Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetin (ABU) keçmiş rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev Azərbaycan prezidenti İlham Əliyevə növbəti dəfə müraciət edib. Modern.az müsavat.coma istinadən bildirir ki, E.Abdullayev sözügedən müraciətində öncə qardaşı Mahir Abdullayevin oğurlanması faktına və bununla bağlı hüquq-mühafizə orqanlarının hərəkətsizliyinə diqqət çəkib.
E.Abdullayev qardaşı ilə bağlı məsələni yada salarkən deputat Gülər Əhmədova barəsində yayılan məlum videomaterialı xatırladaraq, ondan Milli Məclisə deputat seçilməsinin müqabilində 2 milyon ABŞ dolları alındığını qeyd edib.
“Əvəzində məni Milli Məclisə deputat seçdirəcəyinə və bundan sonra qardaşımın sağ-salamat geri qaytarılacağına söz vermişdir. Lakin o vədinə əməl etməmiş, pulları geri istədikdə isə məni həbs etdirəcəyi və fiziki cəhətdən məhv etdirəcəyi ilə hədələmişdir. Mən həm Gülər Əhmədova, həm də Sevinc Babayeva ilə söhbətlərimizin videoşəkilişini və telefon danışırıqlarımızın audio yazısını aparmışdım. Həmin çəkiliş və yazların surətlərinin olduğu kompakt diskləri Gülər Əhmədova barəsində cinayət işi başlanması üçün ərizəmlə birlikdə Baş prokuror Zakir Qaralova göndərdim və göstərilən şəxslər barəsində Azərbaycan Respublikası CM-in 311-ci maddəsi ilə cinayət işinin başlanmasını xahiş etdim. Lakin Baş prokuror qanunauyğun tədbir görmək, yəni cinayət işi başlamaq və istintaq aparmaq əvəzinə mənim ərizəmi Eldar Əhmədova göndərdi”.
E.Abdullayev onu da yazıb ki, əslində G.Əhmədovanın ondan rüşvət almasının ictimailəşdirilməsini istəməyib. Amma istintaq aparılmadığı və özünün, ailə üzvlərinin təhlükəsizliyini təmin etmək üçün bu məsələni ictimailəşdirməyə qərar verib.
Keçmiş rektor G.Əhmədovanın Milli Məclis üzvlüyündən istefa verməsindən və onun barəsində cinayət işi başlanmasından sonra işin obyektiv araşdırılacağına ümidinin artdığını bildirib. Amma sonra mətbuatda bəzi hökumət nümayəndələrinin açıqlamalarını oxuyanda özünün növbəti dəfə aldandığını görüb:
”Mən mələk deyiləm. Amma özləri başdan-ayağa çirkab içində olan bu adamların da məni əliəyri, rüşvətxor adlandırmağa mənəvi haqları yoxdur”.
Eks-rektor müraciətin bu yerində daha bir maraqlı detala toxunub. Onun barəsində mənfi rəy bildirənlərə mesaj yollayıb ki, həmin adamlar onu əlində olan başqa videoyazıları yaymağa təhrik etməsin.
E.Abdullayev həmçinin Baş prokurorun onunla bağlı çoxlu sayda qanunsuzluqlar aşkar etməsi barədə açıqlamasına da toxunub:
”Baş prokurordan soruşmaq lazımdır ki, Beynəlxalq Universitetin fəaliyyət göstərdiyi illərdə və ən azı onun fəaliyyətinin qanunsuz olaraq dayandırıldığı son iki ildə nə üçün bu qanunsuzluqları görmürdü və görürdüsə, nə üçün susurdu? Nə üçün bu qanunsuzluqlar videogörüntülər ortaya çıxdıqdan sonra yada düşdü?”.
E.Abdullayev sonda president İlham Əliyevdən bu işin araşdırılması üşün müstəqil istintaq komissiyası yaratmağı xahiş edib:
”Əgər belə bir komissiya yaradılaxcaqsa və mənim şəxsi toxunulmazlığıma və həyatıma Sizin tərəfininzdən təminat veriləcəksə, mən Azərbaycana qayıtmağa hazıram və istintaqa istənilən köməyi etməyə hazıram. Əks təqdirdə, mənə qarşı təzyiq və tələblər davam edəcəksə, Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməyə məcbur olacam”.
Modern.az