Modern.az

“Babamın gündəliyi” - I HİSSƏ

“Babamın gündəliyi” - I HİSSƏ

Ölkə

5 Oktyabr 2012, 12:48

Babam mənim üçüm Qarabağın canlı salnaməsi idi. Onun Qarabağ haqqında söhbətləri kitablarda oxuduqlarımdan, filmlərdə gördüklərimdən də çox duyğulandırıb məni. O, təkcə Qarabağın tarixindən, təbiətindən, mədəniyyətindən yox, sadə insanlarından, böyük kişilərindən, adət-ənənələrindən də danışardı. Bu söhbətlər yaddaşımın qızıl səhifələridir. O səhifələri “Babamın gündəliyi”ndə oxucularla bölüşəcəyəm...   

MÜHARİBƏ və yaxud YADDAN ÇIXMAZ QARABAĞ...

...Mən erməni görməmişəm, heç görmək də istəmirəm. Çünki erməni sözü eşidən kimi gözlərimin önünə MÜHARİBƏ, viran edilmiş şəhər və kəndlər, vəhşicəsinə qətlə yetirilmiş qocalar, qadınlar, körpələr, Şəhidlər Xiyaban(lar)ı gəlir. Ona görə də mən ermənilərə nifrət edirəm. Onlar mənim Vətənimin ən gözəl şəhərlərini viran qoyublar, sakinlərini isti ocaqlarından didərgin salıblar. O didərginlərdən biri də babam idi. Babamın bu dünyadan Qarabağ nisgili, yurd həsrəti ilə köçməsi isə yaddaşımı çox ağrıdır. Qarabağ müharibəsi babamın yeddi illiyini geri salmışdı. Ömrünün sonunu gözləyirdi, amma Qarabağsız can vermək istəmirdi. Tanrıdan bircə diləyi vardı: evinə qayıtmaq, orada ölmək, bir qarış Qarabağ torpağına dönmək. Elə hey deyirdi ki: “...qorxuram Laçın həsrəti ilə öləm, Ağdam nisgili ilə gedəm...”. Amma Qarabağa dönəcəyinə də inanırdı. Möcüzə gözləyirdi. Möcüzə baş vermədi...

...Babam dünyasını dəyişdi. 96 yaşında. Bu, çox gəlməsin sizə. Əslində, 96 ilin neçəsini yaşadı babam, deyə bilmərəm. Çünki o, hər kəsə qismət olmayan bu uzun ömründən zövq ala bilmədi...

Babamın həsrəti vardı...

Köçkünlük ahıl çağında əsir-yesir elədi onu, elədən-elə, belədən-belə qovdu. Bilmədi nəyin dərdini çəksin, kimin hayına qalsın, hara üz tutsun. Qarabağdakı abad evindən sonra şəhərin basırığına, hay-küyünə uyuşa bilmədi. Son üç ildə isə yorğan-döşəyə düşdü, yataq əsiri oldu. Yaş da öz işini görmüşdü, cavanlığından əsər-əlamət qalmamışdı. Heç elə bil şəkildəki o yaraşıqlı kişi deyildi. İşığı sönməkdə idi. Ağır kədər çökmüş, dərd yuva salmış gözləri ilə, acı təbəssümlə hərdən elə baxardı ki, o baxışlara tab gətirmək olmurdu. Məsumluğu adamı varından yox edirdi. Daha heç kimi tanımırdı, başının üstündən çəkilməyən, körpə uşaq kimi qayğısını çəkən övladlarını da. Danışa da bilmirdi. Di gəl ki, bütün günü “Sarı baba... Xırmanlar... Laçın...” dilindən düşmürdü. Yuxuda sayıqlayırmış kimi bu üç kəlməni tez-tez təkrarlayırdı, vəssalam...

Bilirdim, yaddaşında çox şey vardı, çox. Amma indi deyə bilmirdi, daha heyi qalmamışdı...

Mən babamı çox istəyirdim, bir nəvənin öz babasını istədiyindən daha çox. Babam əzab çəkirdi, onun əzabına biz də dözə bilmirdik. Əlimizdən isə heç nə gəlmirdi. Artıq həkim, dava-dərman da köməyə çatmırdı. Hər dəfə babamın bir dəri-bir sümük qalmış əlinin üstündən qabarıb çıxan damarına iynə vurulanda ürəyim sancırdı. Babama baş çəkməyə gələnlər isə elə hey eyni şeyi deyirdilər: “Kişinin həsrəti var, kişinin nisgili var, ona görə canını verə bilmir...” Hərdən onlara acığım tutardı: babam niyə ölməlidir ki! Axı, o, ev-eşiyinin həsrəti ilə yaşayırdı, Qarabağa dönmək üçün günlərini sayırdı!..

Babamın həsrəti vardı... Mən yaxşı bilirdim bu, nə həsrətdir. Bu, bir ovuc torpaq həsrəti idi. Bu, Laçın dərdi, Sarı baba nisgili, Turşsu yanğısı, Ağdam ağrısı idi. Bu, yaddan çıxmayan Qarabağ dərdi idi. Bu nigarançılıq qoymurdu ki, kişi öz ömrünü rahatca başa vurub getsin bu yalançı dünyadan. Haqq dünyasına, Allahın dərgahına qovuşsun...

Oxuduğum bir kitabın qəhrəmanını tez-tez xatırlayırdım: nəvəsi yurd həsrətindən can verə bilməyən babasına “dərman” üçün erməni işğalında olan kəndlərinə keçir, əliyalın, silahsız-filansız. Cəsarətinə, qeyrətinə güvənib keçir. Və “qurd ürəyi yemiş” bu gözünə döndüyüm dəliqanlı bir ovuc torpaq gətirir babasına. Torpaq gələn günü kişi canını tapşırır...

Elə düşünməyin ki, babamın ölümünü istəyirdim. Əstəğfürullah! Məni ağrıdan o idi ki, niyə babamın həsrətini ovuda bilmirik? Niyə onu dilindən düşməyən “Sarı baba”sına, “Xırmanlar”ına, “Laçın”ına, “Ağdam”ına apara bilmirik? Niyə axı babam öz evindən didərgin düşüb? Niyə axı babam Qarabağına həsrətdir?..

Babam dünyasını dəyişdi... Evinə dönməyə taqəti, səbri, ömrü çatmadı. Öz əlində olsaydı... İndi onun yaddaşımı yandıran sözləri beynimi alov kimi qarsır: “...qorxuram Laçın həsrəti ilə öləm, Ağdam nisgili ilə gedəm...” Hər dəfə belə deyəndə ürək-dirək verərdik. İndi isə elə hamımızı qınayıram: niyə babamı (babalarımızı) Qarabağa apara bilmədik!..

* * * *

...Babamı el adəti ilə dəfn elədik. Amma Bakıda, Ramana kəndində. Anasının qəbri Laçında, Xırmanlarda qalmışdı. Əvvəllər tez-tez deyirdi ki, məni ya Xırmanlarda anamın yanında basdırarsınız, ya da Ağdamda “sevgilim Sitarə”nin yanında. Əliniz hansına tez çatsa! Amma biz babamı Ramanadan o tərəfə apara bilmədik, gücümüz onu bu kənddə dəfn etməyə çatdı, Xırmanlarda yox! Heç Ağdama da əlimiz yetmədi, onu “sevgili”si Sitarəyə də “qovuşdura” bilmədik!..

Cümə axşamı qəbirüstünə getdik: babamın ziyarətinə. Payız girsə də, hava çox isti idi, göydən od yağırdı, lap yayın cırhacırında olduğu kimi. Amma nədənsə mənə elə gəldi ki, babamın qəbri üşüyür. Bu torpaq babamın qəbrinə yaddır. Bu qəbir sanki dil açıb qərib olduğunu aləmə car çəkirdi. Yəqin elə ruhu da qəribdi. Hərdən mənə elə gəlir ki, babamın nigaran ruhu əsir-yesir qalıb Laçınla Ağdamın, Ağdamla Bakının arasında...

Yuxarıda dediyim ”sevgili” sözü də qəribə gəlməsin sizə. Babam ölənə qədər Sitarə nənəmi, ona səkkiz övlad bəxş edən, amma taleyindən yarımayan ömür-gün yoldaşını “sevgilim” deyə xatırladı, “sevgilim” deyə əzizlədi, “sevgilim” deyə oxşadı. Bu, təkcə babamın yox, qarabağlı kişinin (kişilərin) sədaqətinin örnəyi idi...

Babamın gündəlik yazmağını çox sonralar bildim. Bu gündəliyin tarixi isə elə “sevgilisi” Sitarənin faciəsi ilə başlayır. Bu faciənin tarixini “Ömrüm qurğuşun yükü...”ndə yazacağam...

* * * *

İsmayıl babam iki dəhşətli müharibə görmüşdü. Sovet-alman müharibəsinin od-alovundan keçmişdi. Ayağının baş barmağı müharibədə “qalmışdı”. Babam hərdən olmayan barmağını ovuşdurub elə ufuldayardı ki, onda elə bilərdim ağrıyan müharibədir. 1941-45-ci illər müharibəsinin acılarını babamın gündəliyindəki hər cümlədə hiss edirsən. Heç vaxt unuda bilməyəcəyi hadisələri gündəliyinə “danışıb”. Müharibədən yaşıl rəngli qələmlə yazıb: “Bu müharibə hamının gününü göy əsgiyə düymüşdü, ona görə yaşıl rənglə yazdım...”   

“Müharibəyə könüllü getdim. Bilmirdim ki, o, əsl cəhənnəm imiş. Yanımda hər an, hər dəqiqə adamlar ölürdü. Hər yerdən ölüm qoxusu, qan iyi gəlirdi. Qollarımın arasında o qədər igid, o qədər gözəl qız keçindi ki. Biri heç gözlərimin önündən getmir. Ayaqlarının ikisini də itirmiş bu qız: “İndi mən kimə lazımam, yalvarıram öldürün məni” deyə gözünün yaşını sel kimi axıdırdı. Sonralar ondan xəbərim olmadı. İndi də dəhşətə gəlirəm, necə oldu ki, mən sağ qaldım. Hərdən o müsibətləri yuxuda görürəm. Oyananda inana bilmirəm ki, sağam...”

Babam mənim gözümdə qəhrəman idi. Müharibədə dəfələrlə ölümlə üz-üzə gəlib, amma sağ qalıb. Deyirdi ki, Allah saxladı məni, yoxsa mən də milyonlar kimi ölə bilərdim. Babam şükürlü insan idi, sağ qaldığına görə həmişə Allaha dua edərdi...

“Babamın gündəliyi”ndən: “...Şükür Allaha, Cabbar, Əli, Firəddin, (qardaşları – S.C.) də müharibədən qayıtdı, amma yaraları ömürləri boyu onları incitdi. Əmim oğlundan qara kağız gəldi, bibim gözüyaşlı qaldı. Qonşumuz Alagöz arvadın dərdi isə nə göyə sığırdı, nə yerə. Müharibəyə iki oğul göndərrmişdi, heç biri qayıtmadı. Yazıq arvad son nəfəsinədək ümidini üzmədi, inanmadı qara kağıza, gözlədi. Ölənədək hər gün onlara süfrə açdı. Əlinə düşəni üfləyə-üfləyə balalarına saxlayar, hər gün süfrə bəzəyər, gecə yarısınadək gözləyərdi. Sübh tezdən isə süfrəni yığışdırar, oğlanlarının payını qonum-qonşuya paylayar və təzəsini açardı. Elə hey deyirdi ki, gələcəklər. 30 il belə gözlədi. Nə yazıq, 75-də (1975-ci il – S.C.) axirət evinə özgələrin çiynində getdi...“

Babamın gündəliyində o qədər belə ağrılı epizodlar var ki. MÜHARİBƏnin günahsız insanların taleyinə bəxş etdiyi bu ağrıları ağrısız oxumaq olmur...

Gündəlikdən daha bir səhifə. O səhifədə babam ilk sevgisindən danışır. Onları MÜHARİBƏ ayrı salıb. “...45 nəfər tələbə idik. Hərəmiz bir rayondan gəlmişdik Bakıya: Südavər Qubadlıdan, İslam Zəngilandan, mən Laçından... 1941-in iyununda təhsilimizi bitirib rayonlara təyinat aldıq. Südavər Qubadlıya, mən Laçına getdim. Əhd-peyman bağlamışdıq... Qəfil müharibə başladı və bu müharibə gözümün ilk ovunu da əlimdən aldı. Mən geri dönəndə Südavər başqasına ərə getmişdi. Onun əhdə xilaf çıxması məni az qala dəli-divanə edib çöllərə salmışdı...”

“Babamın gündəliyi”ni oxuyuram... Və bütün MÜHARİBƏlərə nifrət edirəm...

* * * *

Sovet-alman müharibəsinin taleyinə vurduğu yaralar sağalmamış Qarabağ müharibəsi haqlayıb babamı. Bu müharibə ona əvvəlkindən də “baha” başa gəlib. Bu müharibənin gətirdiyi yurd itkisi, didərginlik, köçkünlük dərdini “ovutmaq” o qədər də asan olmayıb...

“Babamın gündəliyi”ndən: “Lənətə gəlmiş bu müharibəni qonşularımız törətdilər, Azərbaycanın çörəyini yeyən nankor ermənilər. Onlar faşistlərdən də betərdilər. Onlar ağlasığmaz məşəqqətləri öz evimizin içində törətdilər. Erməni qradlarının, mərmilərinin... səsi sovet-alman müharibəsini yadımdan çıxardı. Gözəl yurdum murdar erməninin ayaqları altında qaldı, ilk beşiyim, qəbirlərimiz əsir düşdü. Nəslim-köküm didərginə döndü. Ev-eşikləri, sərvətləri əllərindən çıxdı. Cavanlarımız şəhid oldu. ...Dostum Həmdəm kişinin dərdi çox böyük idi. Tək oğlu şəhid oldu. Yazıq, bircə oğlundan sonra dözmədi, canına qəsd elədi. Xanım arvad isə göz yaşı içində yaşadı ömrünü, bu nisgillə də köçdü dünyadan. ...Bayram kişinin dərdi də dillə deyiləsi deyil: lay-divar kimi oğlu İlham Qarabağ müharibəsində itkin düşdü, “nə öldü, nə qaldı” xəbəri gəldi. İndiyədək Bayram kişi gözlərini yollardan yığa bilmir, Suğra arvadın gözlərinin yaşı qurumur: “Bəlkə, sağdı, bəlkə qayıtdı? Qəbri də yoxdu ki, gedib ürəyimi boşaldım...”

...Mən Xocalı faciəsi haqqında çox oxumuşam. Babamın yazdıqları isə yaddaşımı göynədir: “26 fevralın səhəri tezdən şəhər mərkəzinə getdim. Əslində, həmin gecə bütün Ağdam ayaq üstə idi, uşaqlar da (əmilərim – S.C.) gecəni evə gəlməmişdilər. Məscidin qarşısında iynə atsan, yerə düşməzdi. Məscid meyidlə dolu idi. Bu müsibəti qanlı görsəydi, qan ağlayardı. Görünməmiş işgəncələrə məruz qalmış xocalılar. Gözlər olsun, görməsin. Bu müsibəti insan cildinə girmiş, insan qanına susamış ermənilər törətmişdi. Adamlar nə edəcəklərini bilmirdilər: qadınların naləsi ərşə çıxırdı, kişilər hiddətlənmişdilər... Həmin vaxt Ağdam özü də aramsız atəşə tutulurdu. Qonşumuz Mikayıl kişinin Xocalıda yaşayan qızı da min bir müsibətlə gəlib çıxmışdı Ağdama. Ayaqlarını don vurmuşdu...”

Babamın sözləri beşinci sinifdə Xocalı faciəsi haqqında yazdığım inşanı salır yadıma: “...Mən atamı, anamı, qardaşımı çox sevirəm. Bilirəm, deyəcəksiniz ki, bunun Xocalı faciəsinə nə dəxli var? Yox, belə deyil. Ermənilər Xocalıda səkkiz ailəni bütünlüklə məhv ediblər, o ailələrdən bir nişanə belə qalmayıb. Xocalı faciəsi haqqında oxuduqlarımdan ən çox bu, yadımda qalıb. O da yadımda qalıb ki, bunu ilk dəfə oxuyanda çox ağladım. Mən ataları, anaları, uşaqları öldürən ermənilərə nifrət edirəm...”

“Babamın gündəliyi”ni oxuyuram, oxuduqca da qəzəbdən yumruqlarımı düyünləyirəm. Və bütün MÜHARİBƏlərə nifrət edirəm...

* * * *

“Babamın gündəliyi”ni bütünlüklə yazıya köçürmək fikrində deyiləm. Bu gündəlik MÜHARİBƏ(lər)nin insan həyatına gətirdiyi faciələrin mənzərəsidir, əslində.

“MÜHARİBƏ” çox ağır sözdü. Bundan amansız, bundan zalım söz, bəlkə də, dilə gətirmək mümkün deyil. “Babamın gündəliyi” bu həqiqəti bir daha anlatdı mənə.

Müharibə babamın dediyi “cəhənnəm”dir. Ermənilər yurdumuza gətirdilər o cəhənnəmi. MÜHARİBƏ: işğal olunan Şuşadır, Xocalıdır, Laçındır, Ağdamdır, Cəbrayıldır, Füzulidir, Xocavənddir, Kəlbəcərdir, Qubadlıdır, Zəngilandır, Ağdərədir; əsir düşən cənnət Qarabağdır! Bir milyon insanın köçkünlük dərdidir, tapdanan hüququdur, 20 mindən çox azərbaycanlının qapısını döyən “qara kağız”dır, oğul əvəzinə evlərə qayıdan “qara qutu”lardır, şəhid analarının qurumaq bilməyən göz yaşlarıdır; 50 mindən çox əlildir; ayaqları kəsilən xocalıların, qaradağlıların... sızım-sızım sızıldayan yaralarıdır. Əsir qızların erməni gülləsinə tuş gəlmiş gəlinlik, analıq haqqıdır...

DAHA SADALAYA BİLMİRƏM. AĞIRDIR...

Birini də deyim, vəssalam. Müharibə babamın nisgilidir. Ermənilər evində yaşamaq, dincəlmək və nəhayət, ölmək haqqını çox gördülər ona. Sənin qisasını onlardan alacağam, baba! Bu nisgili onlara bağışlamayacağam!..

Bu gündəlik bir əmanətdir. Bu əmanət məni Qarabağa səsləyir. Öz Vətənində “qərib”ə dönən babama bir borcum var: bu gündəliyi ilk yazıldığı ocağa – Qarabağa aparmaq! Onun ruhunu sevindirmək! O günü çox gözləyirəm. Elə isə...

O GÜNƏ GECİKMƏYƏK!..

Yaddaşımızı korşaltmayaq, yaddaşımızı dondurmayaq! Donmuş ürəkdə torpaq sevgisi olmaz! Babalarımızın gündəliklərini tez-tez vərəqləyək! Yurd yerlərimizlə bağlı xatirələri yada salaq! Tökülən qanları unutmayaq! Bu torpağın xilası naminə meydana atılan, şəhid olan cəngavər oğulları xatırlayaq! Sinəsi dağlı ata-anaları, igid ər itirmiş gəlinləri, “qardaş” deməkdən dili qabar olmuş bacıları, “ata” kəlməsinə həsrət körpələri yada salaq! Dədə-baba qəbristanlıqlarında uyuyanları, qərib məzarların sahiblərini yad edək!..

Xatırlanmağa haqqı olanları xatırlayaq! Yada salaq! Yad edək!.. Və həm də düşünək! Bax o anda qisas hissi bizi rahat buraxmayacaq! Bax o anda ilahi bir hökm eşidəcəyik: “Öncə Vətən!” O hökmün iradəsinə tabeçilikdədir nicatımız!..

Evdə yazı stolumla üzbəüz divardan Azərbaycanın xəritəsini açmışam. Xəritəni özüm çəkmişəm. Onu çəkəndə ürəyim parçalanıb, çünki bu xəritə də Azərbaycanımız kimi yaralıdır. Alçaq ermənilər Vətənimin köksünü yarıblar. Ürəyi paramparça Anaya baxmaq dözülməzdir. “Yaralı Azərbaycan”ı gözümün önündən asmışam ki, hər baxanda gözlərimi acıtsın! Acıtsın, ağrıtsın, incitsin ki, onun yaralı olduğunu unutmayım! Heç birimiz unutmayaq! O zaman bu ağrıya dözməyib Qarabağa üz tutacağıq! Qarabağa doğru gedəcəyik! Mütləq gedəcəyik! Çünki “YADDAN ÇIXMAZ QARABAĞ....

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı