
Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov eks-deputat Gülər Əhmədova ilə bağlı yayılan videoqalmaqalda adının çəkilməsindən xəbərsizdir. Bu barədə Modern.az saytına keçmiş nazirin vəkili Toğrul Babayev məlumat verib. Vəkil bildirib ki, o, ötən həftə Əli İnsanovla görüşsə də, bununla əlaqədar hər hansı məsələ müzakirə olunmayıb. T.Babayev yaxın günlərdə Əli İnsanovla görüşərək videomaterial haqda onun fikirlərini Modern.az-a çatdıracağını vurğulayıb.
“Mən ötən həftə Əli İnsanovla görüşdüm, amma onunla bu haqda danışmadıq. O, görüş zamanı sözügedən video ilə bağlı hər hansı fikir bildirməyib. Yəqin ki, yaxın zamanlarda mən yenidən Əli müəllimlə görüşüb bu haqda onun fikirlərini öyrənib sizə ətraflı məlumat verəcəm”, - deyə vəkil T.Babayev vurğulayıb.
Qeyd edək ki, Gülər Əhmədovanın deputat mandatının əlindən alınması ilə nəticələnən məlum videoskandalda sabiq səhiyyə naziri Əli İnsanovun da adı çəkilir. Sabiq deputat gizli çəkiliş zamanı vurğulayıb ki, parlamentin formalaşmasında həbsdə olan nazirlər Əli İnsanov və Fərhad Əliyevin dəstəklədiyi deputatların siyahısı mövcuddur.
Anar RÜSTƏMOV