
Milli Məclisinin say tərkibinin artırılması məsələsi bu dəfə müxalifət düşərgəsində müzakirə olunmaqdadır. Bir neçə gün öncə millət vəkilləri Eldar İbrahimov və Fuad Muradovun parlament üzlərinin sayının 200-ə qaldırılması ilə bağlı irəli sürdüyü təklif müxalifət partiyaları arasında fikir ayrılığı yaradıb. Belə ki, Müsavat Partiyası hakimiyyət nümayəndəsinin təklifini müsbət dəyərləndirsə də, ADP sədri bunun yolverilməz olduğunu bəyan edib.
9,5 milyon əhalisi olan Azərbaycanda Milli Məclis üzvlərinin sayı artırılmalıdırmı?
Müsavat başqanın müavini Gülağa Aslanlı YAP-çı deputatın təklfini müsbət qiymətləndirdiklərini bildirib. Başqan müavini Modern.az-a açıqlamasında sözügedən təklifin ilk dəfə müxalifət tərəfindən irəli sürüldüyünü vurğulayıb.
“Bu təklif ilk dəfə 2008-ci ildə tərəfimizdən parlamentə təqdim edilmişdi. O zaman hakimiyyət bunu dəstəkləmədi. İndi millət vəkilləri belə bir təkliflə çıxış edirlərsə, biz buna normal yanaşırıq. Düşünürəm ki, hakimiyyət təmsilçiləri normal seçki mühitinin formalaşdırılması istiqamətində təkliflər də irəli sürsələr, daha yaxşı olar. Hesab edirəm ki, Azərbaycan əhalisinin sayı parlament üzvlərinin sayının artırılmasına zəmin yaratmalıdır. Bu təklifi müsbət qiymətləndirirəm”, - deyə Müsavat rəsmisi qeyd edib.
ADP sədri Sərdar Cəlaloğlu isə Müsavat Partiyasından fərqli olaraq bu təklifi qəti şəkildə pisləyib. Partiya sədri parlament üzvlərinin sayının artırılmasının korrupsiyaya əlverişli zəmin yaradacağını deyib. S.Cəlaloğlunun fikrincə, hazırki şəraitdə demokratik seçki mühitinin yaradılması daha vacibdir, nəinki Milli Məclisin say tərkibinin çoxaldılması.
“Hesab edirəm ki, bu təklif yalnışdır. Yəqin ki, indiyə kimi korrupsiya onlara bəs eləmir. Gülər Əhmədova faktı bunu açıq şəkildə göstərdi. Təsəvvür edin ki, Milli Məclis üzvlərinin sayı 200-ə çatdırılarsa, müxalifət-iqtidar arasında hər hansı rəqabətdən danışmaq olmaz. Öncə Azərbaycanda seçki rəqabətinin yaradılması üçün təkliflər vermək lazımdır. İqtidar-müxalifət arasında normal rəqabət şəraiti yaradılmalıdır. Bundan sonra resursların artırılması təklif oluna bilər. İndiki durumda parlamentin say tərkibinin artırılması məqsədəuyğun deyil. Hesab edirəm ki, ilk növbədə Azərbaycanda demokratik seçki mühiti formalaşdırılmalıdır. Parlamentin say tərkibinin artırılmasını yalnış təklifdir. Bundan önəmli məsələlər var ki, onları həll etmək lazımdır”.
Qeyd edək ki, Milli Məclis üzvləri Eldar İbrahimov və Fuad Muradov Modern.az-a açıqmalarında parlament üzvlərinin artırılması ilə əlaqədar təklif irəli sürmüşdülər. Azərbaycan əhalisinin sayının Milli Məclis üzvləri ilə müqayisədə çox olduğunu deyən millət vəkilləri parlamentin say tərkibinin 125-dən 200-ə kimi artırılmasını istəyiblər.
Anar RÜSTƏMOV