Milli Məclisin keçmiş üzvü Gülər Əhmədovanın məlum videoqalmaqalı və YAP-ın sədr müavini Əli Əhmədov haqqında dediklərinə partiyanın “qızıl fondu” elan olunmuş “91-lər”in nümayəndələri münasibət bildirib.
Sabiq deputat Şahlar Əsgərov Modern.az-a açıqlamasında qeyd edib ki, məsələyə bu qədər önəm verməyin əhəmiyyəti yoxdur:
“Partiyanın rəhbərliyi, icraçı katib, hörmətli Əli müəllim, icraçı katibinin müavinləri Mübariz müəllim və Səyavuş müəllimin fikirlərini mən də bölüşürəm. Bir məsələni də nəzərə alaq ki, bu partiyanın təqribən yüz minlərlə üzvü var. Heç zaman partiya sığortalanmayıb ki, bunların hansı nümunəvi, hansı təmiz insanlardır. Aramızda cürbəcür niyyətlərlə, öz şəxsi mənafeyini dövlət mənafeyindən qat-qat üstün tutan insanlar da var. Bunlar zaman keçdikcə üzə çıxacaqlar”-deyə Ş.Əsgərov bildirib.
“Ona görə mən də bu məsələyə o qədər diqqət yetirməyə önəm vermirəm. Bu da cəmiyyətdir və cəmiyyətdə doğulan uşaq varsa, ölən də olmalıdır”-deyə bir qədər fəlsəfi tonda danışan eks-deputat bildirib ki, “yaxşı varsa, pis də var”
“Gülər Əhmədovanın YAP-ın qurulmasında heç bir rolu olmayıb. O sadəcə, partiyanın birinci qurultayında üzv oldu. Heç bilmədik ki, bu da necə oldu. Bir olacaq idi, oldu”deyən Şahlar Əsgərov qalmaqala hədsiz diqqəti anlamadığını bildirib.
Digər sabiq deputat, professor Südeyf İmamverdiyev deyib ki, belə məsələlər barəsində danışmaq istəmir: “Mən öz işlərimlə məşğulam və hər zaman da partiyaya, dövlətimizə prezidentimizə sadiqəm. Bu yolda əlimdən gələn nə varsa, onu da edirəm”.
Eks-deputat Səyyad Aran da məsləyə münasibət bildirmək istəməyib: “Mən bu mövzuda danışmaq istəmirəm, zəng vurduğunuz üçün təşəkkur edirəm, amma o mövzuda danışmaq mənlik deyil”-deyə S.Aran vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın İstanbulda konsulu olmuş Səyyad Aran məhz Gülər Əhmədovanın 2010-cu ildəki qalmaqallı açıqlamalarından sonra postunu tərk edib. Belə ki, o zaman İstanbulda keçirilən tədbirə konsul Səyyad Aranın gəlməməsi Gülər Əhmədovanı qəzəbləndirmişdi və o, konsulu sərt sözlərlə tənqid etmişdi. Bir müddət sonra S.Aran diplomatik xidmətdən geri çağırılmışdı.
Nihadə Eyyubova