“Partiyaların maliyyələşdirilməsi mexanizmi dəyişdirilməlidir”
Xəbər verdiyimiz kimi, 2013-cü ilin dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün 2 milyon manat vəsait ayrılacaq. Azərbaycanda ilk dəfə tətbiq edilən partiyaların maliyyələşməsi mexanizmi ölkənin bəzi aparıcı siyasi partiyalarına şamil edilməyib. Belə ki, nə Müsavat Partiyası, nə də AXCP sözügedən qanundan faydalana biləcək. Bəs, bötüvlükdə necə, dövlətin ayırdığı 2 milyon manat puldan hansı partiyalara və nə qədər pul veriləcək?
Hüquqşünas, “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında “Siyasi partiyalar haqqında” qanunda bəzi çatışmazlıqların olduğunu etiraf edib. Onun sözlərinə görə, dövlət tərəfindən ayrılan vəsaitin partiyalar arasında bölünməsi üçün hazırki mexanizm dəyişdirilməlidir.
“Siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsait o qədər də böyük vəsait deyil. “Siyasi partiyalar haqqında” qanuna görə, maliyyələşmə mexanizmi ondan ibarətdir ki, vəsaitin bölünməsi parlament seçkilərində iştiraka görə həyata keçirilir. Qanunvericiliyə görə, dövlət tərəfindən ayrılan vəsaitin 50 faizi Yeni Azərbaycan Partiyasına veriləcək. Ümumi vəsaitin daha 10 faizi seçkilərdə 3 faiz səs toplamış partiyalara, yerdə qalan 40 faiz isə parlamentdə təmsil olunan digər partiyalara veriləcək.
Qeyd edim ki, ayrılan vəsaitin 90 faizinnin hansı partiyalar arasında bölünəcəyi məlumdur. Bu göstərici YAP başda olmaqda parlamentdə təmsil olunan 10 partiyaya şamil ediləcək. 2 milyon manat vəsaitin 10 faizi isə yerdə qalır. Bu onunla bağlıdır ki, qanunvericilikdə məsələ sonadək öz həllini tapmayıb. Çünki Azərbaycanda mandat qazanmayan və 3 faiz səs toplayan partiya da yoxdur. Hesab edirəm ki, yerdə qalan 10 faiz məbləğin paylanması ilə bağlı yeni mexanizmlərə ehtiyac var”, - deyə hüquqşünas məlumat verib.
Qeyd edək ki, hazırda parlamentdə YAP, VHP, Ana Vətən, BAXCP, Demokratik İslahatlar, Ədalət, Ümid, Böyük Quruluş, Sosial Rifah, Milli Dirçəliş Hərəkatı, Vətəndaş Birliyi partiyalarının nümayəndələri təmsil olunur. Qanunun tələbinə əsasən, vəsaitin 50 faizi, yəni 1 milyon manatı hakim Yeni Azərbaycan Partiyasının payında düşüb. 40 faiz vəsait isə parlamentdə təmsil olunan digər partiyalar arasında paylanacaq. Yerdə qalan 10 faizin taleyi isə müəmmalı olaraq qalır. Ölkənin aparıcı siyasi partiyaları hesab edilən Müsavat və AXCP yenə də yığılan ianələrin və üzvlük haqqlarının ümidinə qalmalı olacaq.
Anar RÜSTƏMOV