Modern.az

Qocalmaqdan qorxuram!

Qocalmaqdan qorxuram!

Ölkə

17 Oktyabr 2012, 09:26

Könül Vaqifqızı

Heç zaman yaşlanmamaq, daima gənc qalmaq... Kimlərə məxsusdur bu istək?  Məncə qadınlar bu hissin əsasən onlara məxsus olduğunu inkar edə bilməzlər.  Yaşını gizlədən, estetik əməliyyata meyllilər, gənc görünmək üçün məktəblisayağı geyinənlər... Yaşını gizlədən qadınlar deyəndə hətta məhşur bir sənətçi xanım da gəldi ağlıma. Bol makiyajdan istifadə edib, yaşını gizlətməklə özünü cavan göstərməyə çalışan. Əlbəttə ki, mövzumuz o xanım sənətçi deyil...

Mövzumuz qadınların nə üçün gənc qalmaq istəmələridir. Qadınların bu hissini şərtləndirən müxtəlif səbəblər var. Məsələn, bəyənilmək, sevilmək, diqqət çəkmək və s. Gəncsənsə, deməli daim arzuolunansan. Qadınlar daim diqqət mərkəzində olmağı sevir və istəkləri budur  ki, “qadın, yaxud kişi, fərqi yoxdur, təki hər kəs tərəfindən bəyənilim və mümkünsə bu, uzun bir müddət davam etsin”. Hər səhər işə gələndə əks cinsin nümayəndəsi  tərəfindən “siz bu gün necə də gözəl görünürsünüz” tərifini eşidsin. Digər tərəfdən, həmcinslərin bunu görüb aşağıdan yuxarıya səni süzsün və əynində yeni bir libas varsa, paxıllığından “sağlıqla” belə deməsin. Artıq mövzu qadınlar arasındakı paxıllığa da gəlib çıxdı. Lakin bu tamam başqa mövzudur...

Bir sözlə, qadınlar üçün gənc olmaq şərtdir. Mənim fikrimcə bu elə də böyük bir şərt deyil. Deyək ki, gəncdir, lakin baxımsızdır, onda gənc olmasının da heç bir önəmi yoxdur. Qadın baxımlı olsa özü-özlüyündə bəyənilən, sevilən və diqqətçəkici ola bilər.

Bəzi xanımlar gənc görünməyi yaxşı əhval-ruhiyyə ilə əlaqələndirirlər. Əhvalın yüksəkdirsə, deməli ruhun gəncdir. Ruhun gəncdirsə, deməli özün də gənc görünürsən. Bəziləri isə gəncləşməni estetik əməliyyatlarda görürlər. Bəs bu kimi əməliyyatlar yeganə çıxış yoludurmu? Əlbəttə ki, yox. Gənc görünmək üçün sağlam olmaq da vacibdir. Bunun üçün isə düzgün qidalanmaq, idmanla məşğul olmaq və mütəmadi olaraq həkim müayinəsindən keçmək lazımdır. Və bir də düzgün geyim, təbii makiyaj və mümkün qədər gülərüz olmaqla hər yaşda gənc görünmək mümkündür.

Ölənə qədər gənc qalmağın mümkün olmadığını hər kəs bilir. Ancaq bütün bunların xaricində gənc qalma istəyinin ardında tamamilə başqa səbəblərin olduğu şəksizdir. Bu bəlkə də ölüm qorxusudur. “Gəncəmsə, deməli ölümdən uzağam, yaşlandımsa, deməli ölümlə qarşılaşmağıma sayılı günlər qalıb” fikiri hər kəsi, ələlxüsus da qadınları daim məşğul edir. Amma gənc yaşda ölənlər də az deyil... Bunun üzərinə riskli estetik əməliyyatları da gəlsək, gəncləşmək adı ilə vaxtından əvvəl ölməyin də mümkün olduğunun fərqinə varmalıyıq. Deməli gənc qalmaqla ölümdən qaçmaq olmaz. Əsas odur ki, bu aqibətə hansı yaşda tuş gəlməyindən aslı olmayaraq ölənə qədər gənc qala biləsən. Zahirən olmasa da, ruhən!

İndi özünüz qərar verin... Nədir qadınların gənc qalmaq istəyi? Daim diqqət mərkəzində qalmaq həvəsi, ölüm qorxusu, yoxsa...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı