Modern.az

Nazirlik: “Məktəblərə qış üçün odun verilib”

Nazirlik: “Məktəblərə qış üçün odun verilib”

Ölkə

17 Oktyabr 2012, 09:56

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, illik meşəqırma fondu 64 min kub metr həcmindədir”.
Bu sözləri Modern.az saytına açıqlamsında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafi departamentinin sektor müdiri Sadıq Salmanov deyib.

“Bundan əlavə, hər rayonun özünün xəstə, qurumuş, yerə yıxılmış, inkişafdan qalmış ağaclarından yerlərdə olan hər bir müəssisəmiz tərəfindən oduncaq tədarük olunur.
Həmin oduncağın həcmi müəyyənləşdirildikdən sonra hər bir rayon üzrə kvota ayrılır. O kvotaya uyğun olaraq təhsil və səhiyyə ocaqlarına nə qədər odun verilməsi bölgüsü rayon İcra Hakimiyyəti tərəfindən aparılır. Onu da qeyd edək ki, hər rayon üzrə odunun miqdarı ayrıdır”.

S.Salmanov odun tədarükünə hələ cari ilin yay ayından başlanıldığını deyib. “Çünki payız, qış aylarında yağış, qar yağdığına görə meşələrə getmək çətin olur. Ona görə yaydan biz hazırlıqlara başlamışıq. Və demək olar ki, hal-hazırda bu müəssisələrinin 90 faizi odunla təmin olunur”.

Sadiq Salmanov hər rayon üzrə ayrılmış kvotadan əlavə müraciətlərin də daxil olduğunu bildirib.

“Bizə hal-hazırda müraciətlər daxil olur. İmkan dairəsində yardım etməyə çalışırıq. Lakin nəzərə alsaq ki, meşəlik sahəsi 11.8 faizdir və meşə ərazilərimizin də 200 min hektarı xüsusi mühafizə olunan təbiət əraziləri kateqoriyasındadır, təbii ki, onlara istədikləri miqdarda kvota ayıra bilmirik”.

Sektor müdiri meşələrdə kənar qırılma hallarının da müşahidə olunduğunu qeyd edib. Amma o bildirib ki, son 5 ildə ağacların qanunsuz kəsilmə tendensiyası ilbəil azalır.

“Bu da nazirlik tərəfindən aparılan ciddi və məqsədyönlü tədbirlərin nəticəsidir. Belə ki, mütəmadi olaraq reydlər keçirilir. Eyni zamanda bu barədə əhalinin maarifləndirilməsi gedir və  əhalinin meşələrə qarşı münasibəti ilbəil  dəyişir və təbii ki, nəticədə müşələrdə ağacların qanunsuz kəsilməsi halları azalır. Əgər 2001-ci ildə ildə qanunsuz ağac kəsmə halları 49 min kub metr idisə, hal-hazırda bu 22 min kubmetrədək azalıb”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı