“Qanun qəbri açmağa icazə verirsə, əlimizdən nə gəlir?”
Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin məzarının açılacağı ilə bağlı yayılan məlumatları mərhumun qardaşı Almurad Əliyev hiddətlə qarşılayıb. A.Əliyev Modern.az-a açıqlamasında mərhum prezidentin məzarının açılması haqda hüquq-mühafizə orqanlarında aparılan hazırlıq işlərindən xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, Elçibəyin məzarının eksqumasiyası heç vaxt baş tutmayacaq.
“Bu haqda mənə prokurorluqda olarkən heç nə deməyiblər. Sadəcə bir neçə nəfər bu məsələni ortaya atıb aləmi qarışdırırlar. İnanmıram ki, Elçibəyin məzarını açsınlar. Onun ailəsi də buna qəti şəkildə etiraz edir və Elçibəyin qəbrinin açılmasında razılıq verməyəcəklər. Mən sözümü demişəm. Gözləyirik görək hara gedirlər”, -deyə A.Əliyev vurğulayıb.
Eks-prezidentin qardaşı həmçinin qanunla məzarın Elçibəyin ailəsindən icazə alınmadan açıla biləcəyi məsələsinə münasibət bildirərək, bu məqamda çarəsiz olduqlarını bildirib.
“Lakin qanunla buna icazə verilərsə, nə edə bilərik. Topumuz, yox tüfəngimiz yox...”.
Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə açılmış cinayət işində şok məlumatlar ortaya çıxıb. Modern.az saytına hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, istintaq qrupu mərhum eks-prezidentin qəbrinin açılması ilə bağlı hazırlıq işləri aparır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-ci fəslində yer alan eksqumasiya məsələsinə əsasən, məzarın ailənin icazəsi olmadan açılması mümkündür.
Anar RÜSTƏMOV