Modern.az

Köçkünlərə verilən evlər niyə toy-bayramla təqdim olunur? - Deputatların münasibəti

Köçkünlərə verilən evlər niyə toy-bayramla təqdim olunur? - Deputatların münasibəti

Ölkə

26 Oktyabr 2012, 17:54

Son bir neçə ildə qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün yeni çoxmərtəbəli və fərdi evlər tikilir. Bu evlər şəhərin mərkəzində və ya ölkənin digər regionlarında tam təmirli olaraq onlara təhvil verilir. Bu evlər yüksək əhval-ruhiyyə ilə, az qala toy-bayramla, çal-çağırla köçkünlərə təqdim olunur. Evlərin təqdimatı ilə bağlı telekanalların efirində nümayiş olunan süjetlərdən də bu açıq-aydın görünür.
Bəs bu insanlarda torpaq unutqanlığı yaratmır ki? Görəsən, bu evlərin təqdimatını bayram şənliyi kimi nümayiş etdirmək nə dərəcədə doğrudur?

Qarabağdan olan deputat Aqil Abbas Modern.az-a açıqlamasında bildirib ki, bu insanlara ev verilənə kimi onlar zirzəmidə, dörd ailə bir otaqda, çətin şəraitdə yaşayıblar. Deputatın sözlərinə görə, dövlət şərait yaradır ki, onlar Qarabağa və evlərinə-eşiklərinə dönənə kimi normal yaşasınlar.
“Onlar da ölkənin vətəndaşlarıdırlar və yaşamalıdırlar. Ona görə sevinirlər ki, onlara yaxşı şərait yaradırlar. Burada qeyri-adi heç nə axtarmaq lazım deyil. Özüm bir ev almışam və 4 ildir təmir edirəm. Amma evə verdiyim pul qədər, təmirə pul xərcləmişəm. Amma onlara verilən evlər tam təmirli və içində də mətbəx mebeli olur. Burada pis heç nə görmürəm. Bunu ona görə göstərirlər ki, bu insanlar adam kimi yaşayır”.

Milli Məclis üzvünün sözlərinə görə, köçkünlərə ev vermək o demək deyil ki, torpaqlarını unudublar.

“Heç kim Qarabağı və torpaqlarını unutmayıb. Bunlar müvəqqəti verilən evlərdi. Qarabağ döyüşlə və silahla qaytarılacaq, insanlar qayıdıb öz evlərinə gedəcəklər. Hər şeyin öz vaxtı var. Amma buna qədər həmin insanlar yaxşı şəraitdə yaşamalıdırlar. Bakıda rahat bir mənzilim var və 42 ildir ki, paytaxtda yaşayıram. 1970-ci ildən bura gəlmişəm. Nə zamansa Qarabağ, yəni Ağdam, Şuşa, Kəlbəcər yadımdan çıxıb!? Hər gün yazdığım da Qarabağdır”, – deyə deputat vurğulayıb.

Millət vəkili Sabir Rüstəmxanlı bu mövzu ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, qaçqınların və məcburi köçkünlərin çətin vəziyyətdə yaşaması uzun sürə bilməz. Deputatın sözlərinə görə, Azərbaycan dövlət olaraq bunu düşünür və onların vəziyyətinin yaxşılaşması üçün müəyyən addımlar atılır.
“Bu o demək deyil ki, onlar yeni salınan şəhərciklərdə, qəsəbələrdə məskunlaşdılarsa, yerləşdilərsə, daha artıq Dağlıq Qarabağ qayıtmayacaqlar. Onsuz da ailələr böyüyür və tikilən, verilən evlər heç bir ailənin ehtiyacını bütünlüklə ödəmir. Sabah torpaqlar azad olunanda, orada ailənin bir üzvü qala bilər, amma digərləri, şübhəsiz, öz torpağına qayıdacaqlar. Bəziləri düşünürlər ki, bu şəhərciklərin salınması onların geri dönmək həvəsini azaldacaq və bəzən deyirlər ki, onlar heç geri qayıtmayacaq. Bu fikirlər tamamilə yanlışdır. Azərbaycanlılar millət olaraq o torpaqları dolduracaq. Çünki bu torpaq o qədər qiymətlidir ki, insanlar o yerlərin, dağların o qədər həsrətini çəkiblər ki, onları heç bir yeni salınan şəhərcikdə zorla tutub saxlamaq olmaz”.

Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı