Modern.az

Bayramı bəyənməyənlər

Bayramı bəyənməyənlər

Ölkə

29 Oktyabr 2012, 11:11

Daha bir sevimli bayramımızı - Qurban bayramını arxada qoyduq. Kəsilən qurbanlarla Uca Yaradana yaxınlaşmağa cəhd etdik. Kimimiz səmimi niyyətlə Allaha doğru addım atmış olduq, kimimizsə - Allah qorusun - yalnız görünüş xətrinə bayramı yola verdik. Hər nə isə, bir bayram da arxada qaldı.

Eləsi oldu ki, yalnız Allahın razılığını qazanmağı düşünüb qurban kəsdi və əsl bayram abu-havasını yaşadı. Amma eləsi də oldu ki, qurban kəsmək bir qırağa, hələ belə bir bayramı qəbul etmədiyini də dilə gətirdi...

                                                           *          *          *

...Bayram Allaha doğru yürümək üçün ələ düşən fürsətdi - belə fürsət hər zaman ələ düşməz. Bayram sadəcə acları doyurmaq deyil, insanın öz ruhunu, öz mənəviyyatını doyurmasıdır...

                                                           *          *          *

...Bayaq dediyim kimi, elə müsəlmanlar var ki, Qurban bayramını qəbul etmədiklərini bildirirlər və qan axıdılmasına qarşı çıxırlar. Düzü, mən belələrini müsəlman yox, dırnaqarası müsəlman (“müsəlman”) adlandırardım.

“Müsəlman” sözü “müslim” sözündəndir. “Müslim” sözü isə “təslim olan” deməkdir. Yəni, Allaha təslimiyyət, Allahın Elçisinə təslimiyyət və Allahın, Elçisiylə göndərdiyi Müqəddəs Kitaba -  Qurani-Kərimə təslimiyyət...

Əgər bir şəxs özünü müsəlman adlandırırsa deməli o, Allaha, Allahın Sözünə təslim olur. Amma bu necə təslim olmaq, necə inanmaqdır ki, belə bir bayramı qəbul etmədiyini bildirir və “qan tökməklə bayram olmaz” deyir...

Müqəddəs bayramımızı bəyənməyən və guya ki, qurbanlıq heyvanlara rəhmi gələn, qan axıdılmasına razı olmayan bu ağzıgöyçəklər yəqin ki, qarındolusu yeməyə həsrət qalan yoxsul insanların bu vəziyyətlərinə bircə qram da acımazlar. Özlərini qurbanlıq heyvanlara yazığı gələcək qədər rəhmli göstərən boşboğazların yəqin ki, aclıqdan qıvrılanlara rəhmi gəlməz.

Siz deyin, bəs bu ağılsızlıq, şüursuzluq deyilmi? Bunun harası “müsəlmanlıq” oldu ki...

                                                           *          *          *

...Bayram yardımlaşmaqdır. Tox olduğu vaxt ac qonşusuna yardım etməyən, ac olduğu vaxt da başqa birindən yardım görməz. Necə ki, Həzrəti Muhəmməd Mustafa (s.ə.s) deyir: “Qonşusu ac ikən özü tox uyuyan bizdən deyildir”.

...Bayram rəhmət yağışının yağdığı gündü. Təsəvvür edin ki, göydən üstümüzə ilahi rəhmət yağır və biz də həmin yağışda islanmaqdan qorxub daldalanacaq axtarırıq... Gülməli deyilmi?!

                                                           *          *          *

Əslində insan istəsə hər gününü bayrama çevirə bilər. Həzrəti Əli (r.a) deyir ki, “insanın günah işləmədiyi gün onun bayramıdır”.

Deməli, hər şey bizim özümüzdən asılıdır və deməli, biz istəsək ömrümüzün hər bir gününü bayrama çevirə bilərik...

                                                           *          *          *

Siz də, ey bayramı bəyənməyən və guya İslamda səhv tutan boşboğazlar, yaxşısı budur ki, Allahdan qorxun. Çünki, sonrakı peşmançılığın faydası olmur...

[email protected]             

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı