Milli Məclisin payız sesiyasının növbəti plenar iclası bu gün öz işinə davam edir. Modern.az xəbər verir ki, iclasda bəzi yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələrin artırılması müzakirə olunub. Bu məsələyə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılan zaman buna baxılıb.
Məcəllədə olan dəyişikliklərdə nəzərdə tutulub ki, nəqliyyatı idarə edən şəxs məişət tullantılarını nəzərdə tutulan yerə atmadıqda, fiziki şəxs 50 manat miqdarında, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat miqdarında cərimə ediləcəklər. Sürücülər üfüqi nişanlama xətlərini keçdiyi üçün 60 manat miqdarında, müvafiq icra hakimiyyəti orqanının əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyinə görə 80 manat cərimələnəcəklər.
Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən sürücülər 300 manata qədər cərimələnəcək, həmçinin 6 aydan 1 ilə qədər azadlıqdan məhrum olunacaqlar.
İnzibati Xətalar Məcəlləsinə olunan digər dəyişiklik ondan ibarət olub ki, sərxoş vəziyyətdə xəta törədən şəxs 1 ilə qədər nəqliyyat vasitəsindən istifadə etmək hüququnu itirəcək, 400 manatdan 500 manata qədər cərimələnəcək. Hadisə təkrar baş verdikdə, nəqliyyatı idarə etmək hüququ 2 ilə qədər məhdudlaşdırılacaq, 400-500 manat məbləğində cərimələnəcək.
Sərxoşluq müayinəsindən boyun qaçıran sürücülər 1 ildən 2 ilə qədər avtomobil idarə etmək hüququndan məhrum edilməklə 300 manatdan 700 manata qədər cərimələnəcək və ya 15 günə qədər inzibati həbs cəzası alacaqlar.
Modern.az