Nazirlər Kabineti tezliklə “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunması, pasportlaşdırılması, qeydiyyatı və dövlət reyestrinin aparılması Qaydaları”nı təsdiq etməlidir
“Ermənilər hər zaman Azərbaycan mətbəxinin ləziz yeməklərini öz adlarına çıxarıblar”. Milli Kulinariya Mərkəzinin baş direktor müavini Ceyran Əsgərova Modern.az-a açıqlamasında belə deyib. Xatırladaq ki, Rusiyanın məşhur “4SEZONA” şirkəti hazır yarımfabrikat yeməkləri sırasından satışa buraxıdığı “Bozbaş” paket-yeməyini “erməni xörəyi” kimi təqdim edib.
C. Əsgərovanın sözlərinə görə, ermənilərin hər bir informasiyasına elmi əsaslandırılmış cavab verilir: “Biz onlara isbat edirik ki, bu bizim yeməkdir. Təəssüf ki, heç bir xörəyimiz dövlət qeydiyyatında keçməyib. Milli xörəklərimiz dövlət qeydiyyatından keçsə, hər bir yeməyin öz pasportu olsa, biz onları daha asan yolla iddiamızı sübut edə bilərik”.
Baş direktorun müavini dəfələrlə Müəllif Hüquqları Agentliyinə müraciət etdiklərini deyib. Onun sözlərinə görə, təkcə Müəllif Hüquqları Agentliyi deyil, bir çox digər qurumlara da müraciətlər cavabsız qalıb: “Siz Moskvanın ən populyar küçələrində, mərkəzi mağazalarında Azərbaycan mətbəxindən oğurluğu müşahidə edə bilərsiniz. Qutab, dolma, kabab satışı erməni məhsulu adı altında gedir”.
Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənli isə Modern.az-a açıqlamasında bildirib ki, rusların “Bozbaş” paket-yeməyini “erməni xörəyi” kimi təqdim etməsi ermənipərəst qurumların və şirkətlərin növbəti uydurmasıdır.
“Bozbaş Azərbaycanın milli yeməyidir və bu barədə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun müəllifliyi ilə yazılan və sədr tərəfindən nəşr olunmuş “Armyanskiye inorodnıye skazki” kitabında ətraflı yazılıb.
Bu kitabda qeyd olunub ki, bozbaş milli Azərbaycan yeməyidir. Bütün diaspor təşkilatlarında da bu kitab var. Bu kitab rus, ingilis, fransız və s. dillərdə çıxıb. Vaxtilə ermənilər deyirdilər ki, bu musiqi nömrəsi, musiqi aləti və s. Azərbaycana məxsusdur, amma indi öz adlarına çıxarırlar. Bozbaşla bağlı hissə də bunu əks etdirir. Həmin kitabda ətraflı yazılıb ki, o Azərbaycanın milli xörəyidir. Bu sözün etimologiyası ilə bağlı yenə də o kitabda ətraflı yazılıb. Ermənilər Azərbaycanın qeyri-maddi sərvətlərinə göz dikiblər, qeyd edilən fakt da onlardan biridir. Bunun heç bir əsası yoxdur. Təbii ki, bir daha araşdırıb, həmin şirkətə hüquqi sənədlər əsasında öz etirazımızı bildirəcəyik. Bununla bağlı Rusiyada müvafiq qurum fəaliyyət göstərir. Birinci şirkətin özünə və eyni zamanda həmin kitab və materiallar əsasında öz etirazımızı Rusiyanın müvafiq qurumuna bildirəcəyik”.
X.Həsənli milli yeməklərin qeydiyyatı ilə bağlı Milli Kulinariya Mərkəzinin agentliyə müraciət etmədiyini deyib. MHN-nin hüquq şöbəsinin müdiri bildirib ki, Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qeydiyyatı, sənədləşdirilməsi və inventarlaşdırılıması ilə bağlı hökumətin qərar layihəsi hazırlanır.
“Hazırda bu layihə son mərhələdədir. O cümlədən orada digər qeyri-maddi mədəni irs nümunələri ilə yanaşı, bu mətbəx nümunələrinin də qeydiyyatı, sistemləşdirilməsi ilə bağlı məsələ öz əksini tapıb. Bu, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunması, pasportlaşdırılması, qeydiyyatı və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərar layihəsidir. Artıq qərar layihəsi müvafiq dövlət qurumları ilə son razılaşdırma mərhələsindədir. Bu qaydalarda Azərbaycana məxsus olan bütün qeyri-maddi mədəni irs nümunələri daxil olmaqla, o cümlədən milli mətbəx nümunələri, milli xörəklərin, yeməklərin reseptləri, içkilərin hazırlanması texnologiyasının və adlarının qeydiyyatı, pasportlaşdırılması ilə bağlı prosedurlar öz əksini tapacaq. Bu qərar layihəsi yaxın vaxtlarda qəbul olunacaq. Bundan sonra qeydiyyat qaydaları razılaşdırılıb təsdiq olunacaq”, – deyə X.Həsənli qeyd edib.
Anar Kəlbiyev