
Azərbaycandakı dövlət universitetlərində çalışan rektorların əksəriyyətinin 10 ildən çoxdur ki, rektorluq təcrübəsi var. Hətta elə rektorlar var ki, onlar 1980-ci illərdən indiyə qədər bu postu tuturlar. 2000-ci illərdən rektor kimi çalışanların sayı isə daha çoxdur.
Beləliklə, ən yaşlı və ən cavan universitet rektorları kimdir? Hansı rektorun bu vəzifə üzrə təcrübəsi daha çoxdur?
Modern.az-ın araşdırmasına görə, hazırda ən uzunmüddətli rektorluq təcrübəsi Timuçin Əfəndiyevə məxsusdur. Mədəniyyət və İncəsənət Universitetinin rektoru T.Əfəndiyev 1977-ci ildən bu ali təhsil ocağında işləyir. Əvvəlcə baş müəllim, sonra dosent vəzifəsini tutub. 1978-ci ildən 1987-ci ilədək fakültə dekanı olub. 1987-ci ildən rektor vəzifəsini tutur və 25 il təcrübəsi var. 67 yaşlı rektor Baş nazirin müavini Elçin Əfəndiyevin qardaşıdır.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev 1987-ci ildən bu vəzifəni icra edir. 25 ildir ki, rektordur. 75 yaşlı rektor həm də Milli Məclisin deputatıdır.
Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov 20 ildir ki, bu ali təhsil ocağın rəhbəridir. Həm deputat, həm də rektor olan Əhliman Əmiraslanov 65 yaşındadır.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 62 illik ömrünün 13 ilini rektorluq vəzifəsinə sərf edib. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektorudur. O, rektor olmaqla yanası, həm də deputatdır.
Xarici Dillər Universitetinin rektoru Səməd Seyidov 2000-ci ildən rektor vəzifəsinə təyin olunub. Həm deputat, həm də rektor olan Səməd Seyidovun 48 yaşı var.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla da 2000-ci ildən rektordur. 62 yaşlı rektor 1983-cü ildən Azərbaycan Yazıçılar birliyinin üzvüdür.
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova 2000-ci ildən rektor vəzifəsini tutur. 59 yaşlı rektor 12 ildir ki, bu vəzifədədir. O həm də millət vəkilidir.
Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov 2000-ci ildən rektor postunu tutur.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev 2004-cü ildən rektor postuna təyin olunub. 62 yaşlı rektor 8 ildir ki, bu vəzifədədir. Milli Məclisin deputatıdır.
Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı 2005-ci ildən rektor vəzifəsindədir. Həm də Milli Məclisin deputatıdır.
Azərbaycan Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov 2006-cı ildən rektor vəzifəsində çalışır. Onun 62 yaşı var.
Prezident Yanında İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov 2011-ci ildən rektor postuna təyin olunub. Rektorun 69 yaşı var. Apardığımız sorğunun nəticələrinə görə, ən az rektorluq təcrübəsi elə bu ali təhsil ocağının rəhbərinə məxsusdur.
Xatırladaq ki, rektorlar ölkə başçısının sərəncamı ilə bu vəzifəyə təyin olunurlar.
Nihadə Eyyubova