Modern.az

Moskvada bazarların bağlanması ilə azərbaycanlıların “bazarı” bağlanacaqmı?

Moskvada bazarların bağlanması ilə azərbaycanlıların “bazarı” bağlanacaqmı?

Ölkə

14 Noyabr 2012, 10:29


Moskva meri Sergey Sobyanin Moskvada yerləşən bazarların çox hissəsinin 2013-cü il iyunun 1-nə kimi ləğv olunacağını və paytaxtda yalnız pərakəndə və topdan satış mərkəzlərinin yaradılacağını açıqlayıb. Belə olan halda Rusiyada yaşayan və həmin xırda bazarlarda ticarət edən azərbaycanlıların taleyi sual altında qalır.

Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev isə bunun Azərbaycana deyil , Orta Asiya ölkələrinə yönəlmiş bir tədbir olacağını deyib.
“Rusiya Federasiyasında miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təxminən 3 ildir ki, proseslər davam edir. Bu, dövlətin siyasətidir . Rusiya Federasiyasında miqrasiya qanunlarının sərtləşdirilməsində əsas hədəf Orta Asiya ölkələrinin, xüsusi ilə də Çin Xalq Respublikasının vətəndaşlarıdır. Bu, Azərbaycan vətəndaşlarına yönəlmiş addım deyil. Ona görə də Rusiyada immiqrant statusu almaq istəyənlərin hamısından rus dilini bilməsi barədə arayış tələb olunur. Azərbaycanda bu dili bilməyən şəxs yoxdur. O cümlədən mən hesab etmirəm ki, bazarların bağlanması soydaşlarımızın yaşayışına təsir edər. Eyni zamanda Rusiya Federasiyasına gedənlər əvvəlki illərdən fərqli olaraq artıq yalnız bazarlarda işləmir. İndi əksəriyyət tikinti sektorunda əmək fəaliyyəti ilə məşğul olur. Buna görə də yeni qadağa bizim miqrantların taleyinə elə də ciddi bir təsir göstərməyəcək”.

Rusia-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü Fazil Mustafa isə Rusiyada yaşayan azərbaycanlıları tədbirli olmağa çağırıb:
“Bu səbəbə görə azərbaycanlılar çevik formada özlərinin yeni çalışma mühitinin yaranmasına səy göstərməlidirlər. Əks halda çoxu işsiz qalacaq və problemlərlə qarşılaşacaqlar. Ola bilər ki, bu zaman onların bir hissəsi geri də dönə bilər, amma onların bir çoxu artıq orada məskunlaşıb. Yerdəyişmə elə də asan məsələ deyil. Görünür başqa bir variantda iqtisadi sferaya adaptasiya olunmağın yollarını tapmalıdırlar”.

Şahanə Rəhimli  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı