Modern.az

Nazir müavini deputatın iradlarına cavab verdi

Nazir müavini deputatın iradlarına cavab verdi

Ölkə

15 Noyabr 2012, 13:15

Milli Məclisin bugünkü iclasında iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova deputat Vahid Əhmədov tərəfindən qaldırılan Qubada alma satışındakı problemlərlə bağlı öz mövqeyini bildirib.
S. Həsənova deputatın tənqidlərini bölüşmədiyini qeyd edib:
“Quba-Xaçmaz iqtisadi rayonundakı meyvəçiliyin inkişafı ilə bağlı ciddi işlər görülür. Bunun üçün dövlət tərəfindən vəsait də ayrılır”.

Nazir müavini qeyd edib ki, hazırda Qubada 4 meyvə emalı zavodu fəaliyyət göstərir: “İllik məhsul 26 min tondur. Bununla yanaşı, dövlət, İqtisadi  İnkişaf Nazirliyi meyvəçiliklə məşğul olan fermerlərə, bağbanlara güzəştli kreditlərin ayrılması ilə də bağlı da iş aparır. Bu il ərzində onlara 11 milyon manat kredit verilib”.
S. Həsənova bildirib ki, Vahid Əhmədovun iradları ilə razı deyil.

Nazir müavini deyib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı hökumət qarşısında vəzifə kimi qoyulub.
"Kənd təsərrüfatı, turizm, İKT və bir sıra digər sahələrin inkişafı məqsəd kimi qoyulub. Bunlar məşğulluğun təmin edilməsi, xammalın istifadəsi və bununla da qeyri-neft sektorun genişlənməsinə səbəb olacaq".

S.Həsənovanın sözlərinə görə, uzunmüddətli perspektivdə qabaqcıl dünya təcrübəsindən yararlanmaqla yüksək sosial rifaha nail olunacaq. Adambaşına düşən gəlirin 2 dəfə artırılaraq 13 min ABŞ dollarına çatdırılması nəzərdə tutulub. Nazir müavini deyib ki, qeyri-neft ticari sektorunun ixrac potensialının inkişafının dəstəklənməsi qarşıya məqsəd qoyulub.

"Azərbaycanda sənayenin genişmiqyaslı modernləşməsi siyasəti aparılır. Sumqayıt sənaye parkının yaradılması üzrə intensiv işlər gedir. Bizə dəstək olmaları üçün xarici ekspertləri cəlb edirik. Balaxanı ekoloji sənaye parkı yaradılır, burada Bakıdakı məişət tullantılarının emalı nəzərdə tutulub. Bu, eyni zamanda, yeni iş yerlərinin yaranmasına, ekoloji problemlərin həll olunmasına gətirib çıxaracaq.
Polietilen paketlərin emal olunması ilə bağlı Ekologiya və Təbii Sərvətlət, İqtisadi İnkişaf, Səhiyyə nazirlikləri təhlillər aparıb, bizim nazirliyin işçi qrupu formalaşdırılıb. Ən qabaqcıl dünya təcrübəsini öyrənməklə tədbirlər paketi hazırlanacaq. Bunun üçün italyan mütəxəssislərlə danışıqlar aparılır və bu ilin sonuna konkret qərar qəbul olunacaq".

Nazir müavini ayrı-ayrı rayonlarda həyata keçirilən iqtisadi layihələr barədə məlumat verib, həmin regionların iqtisadi potensialının artırılması, yeni iş yerlərinin yaradılması istiqamətində iş aparıldığını qeyd edib.

X.Səfəroğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı